Xəbərlər
Milanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
İtaliyanın Milan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov bildirib ki, mərasimdə diplomatik korpusun nümayəndələri, Milanda yaşayan azərbaycanlı və italiyalı tələbələr, elm, incəsənət xadimləri və iş adamları iştirak ediblər.
Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilya İtaliya-Azərbaycan münasibətlərinin formalaşmasında dahi lider Heydər Əliyevin əməyini xüsusi vurğulayıb.
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkəmizin Avropa ilə enerji əməkdaşlığında, xüsusən də İtaliya ilə iqtisadi əlaqələrində Ulu Öndərin rolunu xüsusi vurğulayıb və iki ölkənin gələcək tərəfdaşlıq perspektivlərindən danışıb. O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən və İtaliyanın döyüşlər zamanı ölkəmizə verdiyi dəstəkdən bəhs edib.
Daha sonra ulu öndər Heydər Əliyevdən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Neapol-Bakı Assosiasiyasının italyan dilinə tərcümə etdiyi filmi “ARB Media” qrupunun “Aranfilm” Yaradıcılıq Mərkəzi lentə alıb.