Xəbərlər
Cavanşir Paşazadə: Ümummilli Lider torpağına, Vətəninə, xalqına bağlılığını bugünkü inkişafa böyük yol açması ilə təsdiqlədi
Milli Məclisin deputatı Cavanşir Paşazadə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərək bildirib ki, ölkəmizin hər bir vətəndaşı yaşadığı bu sabitliyə, əmin-amanlığa, dayanıqlı inkişafa görə Ümummilli Liderə borcludur: “Bu fikri hər an etiraf etməliyik ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın vəziyyətini təsəvvür etmək çətin deyildi. Ümummilli Lider qayıdışı ilə Azərbaycanı o illərin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi, Azərbaycanın gələcək inkişafının prioritetlərini və onların həyata keçirilməsinin yollarını göstərdi. Ümummilli Lider həm keçmiş İttifaq, həm də müstəqilliyimizin bərpasından sonrakı dövrdə dövlətə və xalqa xidməti daim fəaliyyətinin əsası kimi qəbul edib. Azərbaycanı güclü, qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək onun ən böyük arzusu olub. Məhz bu baxımdan hakimiyyətə yenicə qayıdışı vaxtlarında o, çətin günlərin keçib gedəcəyinə, vaxt gələcək qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla qürur duyacağımıza, ölkəmizin dünya birliyinin fəal üzvünə çevriləcəyinə əminliyini ifadə etmişdir.”
Millət vəkili qeyd edib ki, vaxtilə arzu kimi açıqlanan bu hədəflər artıq reallıqdır: “Azərbycanın adı bu gün dünyanın ən islahatçı ölkələri, xalqımızın adı isə xoşbəxt xalqları sırasındadır. Hər iki uğur Lider amilinin roluna işıq salır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənləri ancaq özlərinin şəxsi maraqları düşündürdüyü üçün Azərbaycanı ucuruma aparırdılarsa, Ümummilli Lider torpağına, Vətəninə, xalqına bağlılığını bugünkü inkişafa böyük yol açması ilə təsdiqlədi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı, müasir, mütəqil Azərbaycan isə onun şah əsəridir.”
“Ümummilli Liderin gərgin səyləri, düşünülmüş siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki yeri və mövqeyini möhkəmləndirdi.
Uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəyliyi təmin edən azərbaycançılıq ideologiyasının yaradılması 1993-2003-cü illərin səciyyəvi xüsusiyyətləridir”,- deyə Cavanşir Paşazadə bildirib.
Millət vəkili onu da qeyd edib ki, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın əsası da o illərdə qoyulub: “Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin miqyası genişdir. Məhz Azərbaycanın 2003-cü ildən möhkəm təməl üzərində daha da inkişafı ərazi bütövlüyümüzün təmin olunmasını şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı daha da gücləndirdi, qüdrətləndirdi. Həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onlarda bu duyğuların artması ötən il Prezident İlham Əlyevin “Hücum!” əmrinin yüksək əhval-ruhiyyə ilə qarşılanmasına və 44 gündə 30 ilin işğalına son qoyulmasına stimul oldu. Bu gün Prezident İlham Əliyevin adı tarixə qalib Sərkərdə, ordumuz ən güclü ordu, xalqımız yenilməz, məğrur xalq kimi yazılıb. Heydər Əliyev yolunun uğurları Azərbaycanı diktə edən tərəfə çevirib, torpaqlarımıza qovuşdurub, hazırda bərpa və quruculuq işlərinin geniş miqyas almasını təmin edir. Son bir ildə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevincli edən əsas amillərdən biri ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhunun şad olmasıdır. Azərbaycan tarixinə Zəfər səhifəsini yazdı. Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü, qüdrətli olmayıb.”