YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskar lider

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

“Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Doğrudan da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dünya miqyaslı siyasətçi idi. Zaman-zaman bu dünyanın məşhur siyasətçiləri, dövlət başçıları tərəfindən dəfələrlə etiraf olunub.  Məsələn, ABŞ-ın sabiq prezidenti Corc Buş Ulu Öndəri xarakterizə edərək, bildirmişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. Ümummili liderin böyük siyasi təcrübəsi, geniş dünyagörüşü, yüksək intellekti, idarəetmə qabiliyyəti haqqında dünya liderləri tərəfindən bu qəbildən olan kifayət qədər misallar gətirmək mümkündür.

Bu da təsadüfi deyil. Çünki Ulu Öndər istər SSRİ dövründə, istərsə də yenidən hakimiyyətə qayıtdığı müstəqillik illərində yalnız Azərbaycan deyil, dünya miqyasında gedən siyasi proseslərdə mühüm rol oynamışdır.

Umummili liderin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Lakin bunlardan ən mühümü Heydər Əliyevin Azərbaycanı müstəqilliyini itirməkdən, parçalanmaqdan xilas etməsidir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. 1991-1993-cü illərdə Azərbaycan o illərin iqtidarlarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması, ən əsası hakimiyyət hərisliyinin, kreslo davasının pik həddinə çatması ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə qiymətləndiridi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Məhz bu səbəbdən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft və inkişaf strategiyası qüdrətli Azərbaycan dövlətinin bu gününü və gələcəyini müəyyən etdi. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. kimi beynəlxalq əhəmiyyətli iqtisadi layihələr ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, dövlətçilik ənənələrinin, siyasi rəhbərliyin etibarlılığının qorunması prinsiplərinin ortaya çıxardığı nailiyyətlərdir.

Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqının qanı bahasına qazanılmış müstəqilliyin qorunub saxlanılması, ölkənin uçrumdan xilası idi. Heydər Əliyevin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və gərgin səyi nəticəsində müstəqil Azərbaycanda həyat tədricən öz axarına düşdü. Bununla da Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yarandı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranmasına və dövlət quruculuğu prosesinin böyük vüsət almasına müstəqil Azərbaycanın ilk Konstitusiyası zəmin yaratdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətdə olduğu 10 il güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu bir dövr olub.

Məhz həmin bünövrənin nəticəsidir ki, 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırdı. Azərbaycan bu gün dünyanın nüfuzlu ölkələrindən biridir, Azərbaycan iqtisadiyyatını modernləşdirən, vətəndaşlarının sosial problemlərinin həllini daim diqqətdə saxlayan bir ölkədir. Heydər Əliyev fenomeni bu gün hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir. Ulu öndərin fəaliyyəti regionda sabitlik yaratmaqla yanaşı, dünyaya gənc bir dövlətin öz gücünə arxalanaraq, qüdrətli bir dövlət qurmaq təcrübəsini verdi. Heç də təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsinə, onun siyasi fəlsəfəsinə çox böyük diqqətlə yanaşırlar, onu öyrənməyə çalışırlar.

Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir

1990-cı illərdə Azərbaycan torpaqları işğal edilsə də, ulu öndər Heydər Əliyev siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı heç zaman dayandırmadı. Son 17 ildə isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin başladığı diplomatik yolu davam etdirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin uğurları bu illərdə səbrlə, soyuqqanlı diplomatiya ilə əldə olundu. Güclü liderin rəhbərliyi ilə bərpa edilən dövlət sərhədlərimiz, işğal altında qalan torpaqlarımızın azad olması həm də Azərbaycan xalqının özünə inamını qaytardı.

Sonda onu vurğulamaq istərdik ki, bu gün Azərbaycanın güclü bir dövlət olmasının, onun uğurlarının təməlini qoyan Ulu Öndər Heydər Əliyev bir tarixi şəxsiyyət, ölkə başçısı, partiya rəhbəri və bir insan kimi onu sevənlərin qəlbində hər zaman yaşayacaq.