Xəbərlər
“The Hill”: Terrorizmə qarşı qlobal mübarizədə ABŞ Azərbaycan ilə əlaqələri möhkəmləndirməlidir
ABŞ-ın “The Hill” qəzeti Massaçusets ştatından keçmiş konqresmen Ronni Şousun “Terrorizmə qarşı qlobal mübarizədə ABŞ Azərbaycan ilə əlaqələri möhkəmləndirməlidir” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə ABŞ-ın xarici siyasətinin cari məsələlərindən, Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün təhlükə yaradan terrorçu qruplara qarşı mübarizədən bəhs edilir. Müəllif ABŞ-ın bütün dünyada radikal terrorçu qrupların aradan qaldırılmasında mübarizədə mötədil müsəlman ölkələri ilə də əməkdaşlıq etməsinin zəruriliyini vurğulayır. Qeyd edir ki, belə vacib ölkələrdən biri də Azərbaycandır. Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar zamanı Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olub. Azərbaycan Amerika təyyarələrinin öz hava məkanından keçməsinə icazə verib, Əfqanıstandakı koalisiya qoşunlarına yüklərin daşınması üçün dəhliz açıb. ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts Azərbaycanın terrorizmə qarşı mübarizədə əməkdaşlığa sadiq olmasını yüksək qiymətləndirib.
R.Şous məqaləsində Birləşmiş Ştatların Azərbaycanla əlaqələri möhkəmləndirməsinin önəmli olduğunu qeyd edir. Bildirir ki, Azərbaycan ilə tərəfdaşlıq həm də ABŞ-a onun İslama qarşı vuruşmadığı mesajını dünyaya çatdırmaq imkanını verər.
Müəllif vurğulayır ki, Azərbaycan əhalisinin 95 faizi müsəlman olsa da, ölkədə tərəqqi edən yəhudi icması mövcuddur. Azərbaycanın İsrail ilə yaxın siyasi, iqtisadi əlaqələri var. İsrailin neft istehlakının 40 faizini Azərbaycan təmin edir.
Sonda R.Şous ümidvar olduğunu bildirir ki, ABŞ-ın hakim dairələri gənc demokratik Azərbaycanla müttəfiqliyin vacibliyini, qarşılıqlı maraqların əhəmiyyətini dərk edir.