YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərə qayıdış da tarixləşəcək

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

Yaşayış məskəni kimi Kəlbəcərin yaşı çox qədimlərlə səsləşir. Bu qədimliyin nişanələrinin çox böyük əksəriyyəti 1992-ci ilin 2 aprelinə - ermənilərin işğalına kimi qalırdı, işğal zamanı 88 300 nəfər ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərdəki tarixi-mədəniyyət abidələrinin dağıdılması bizə aid olanları tariximizdən silmək niyyəti idi. İşğalın buna gücü çatmadı.

Regionda mövcud status-kvonu saxlamaq istəyən Ermənistan danışıqlardan yayınırdı.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından, o cümlədən Kəlbəcərdən dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnamələri yerinə yetirmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən işğalçı dövlət yeni ərazilərin işğalı niyyətiylə dövlət sərhədlərindən, işğal etdiyi ərazilərdən hücumlar, həmlələr edirdi. Azərbaycan Ordusu bu həmlələrin, hücumların qarşısını qətiyyətlə alırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücum etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi idi.

Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərkərdəliyi ilə xalqın müharibəsi oldu. Xalqın ordu ilə həmrəyliyi, ölkə başçısının ətrafında sıx birləşməsi döyüşən ordunun döyüş əzmini, qələbə ruhunu daha da artırırdı.

Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. İlk mövqe qələbələri düşmənin müqavimət əzmini qırdı, düşmənin əsgər və zabitləri, muzdluları döyüşdən yayınır, qaçırdı.

Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə Vətən müharibəsində düşmənin məğlubiyyəti idi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Ermənistan, Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz tərk etməli idi. Məğlub dövlət kimi. Bu sənəd işğalçı Ermənistanın təslimolma sənədi idi. Noyabrın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günüdür. – Noyabrın 25-də Kəlbəcər şəhəri və 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Müzəffər sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bu rayonlarda quruculuq işlərini sürətləndirir. Ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər rayonuna səfəri da bu missiya ilə tarixləşdi. Burada müxtəlif, fərqli infrastruktur layihələri həyata keçirilir. Bu ilin avqust ayının 16-sı Kəlbəcərdə quruculuq işləri ilə bağlı layihələrin yerinə yetirilməsinin tezləşdiriləcəyinə zəmanət oldu – Toğanalı – Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyuldu. Kəlbəcərdə quruculuq işləri istiqamətində həyata keçirilən tədbirlərin şəbəkəsi genişdir. Ölkə başçısının Kəlbəcərə səfərində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı da oldu, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. Burada “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlər davam etməkdədir.

Kəlbəcər yaxın vaxtlarda yenidən qurulacaq, kəlbəcərlilərin həsrəti bitəcək. Bu, Vətən müharibəsinin qüdrətidir. 25 noyabr tarixləşdiyi kimi, kəlbəcərlilərin Kəlbəcərə qayıdışı da tarixləşəcək.