Xəbərlər
Kəlbəcər əvvəlkindən də gözəl bir diyara çevriləcək
Kamilə Əliyeva
Milli Məclisin deputatı
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək, 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixdə Ermənistanın baş naziri Paşinyan müharibədə məğlub olduqlarını etiraf edərək kapitulyasiya aktına imza atdı. Prezident cənab İlham Əliyev müharibədə olduğu kimi siyasi arenada da Ermənistanı diz çökdürdü. 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu bir güllə belə atılmadan, şəhid vermədən siyasi yolla işğaldan azad edildi.
Kəlbəcər rayonu Azərbaycanın ən gədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində 30 min il tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Kəlbəcər dünyada nadir rast gəlinən füsünkar təbiətə, müalicəvi yeraltı suların mövcud olduğu unikal bir ərazidə yerləşir. Kəlbəcərin dünyada analoqu olmayan İstisuyu bir çox xəstəliklərin dərmanıdır. Sovetlər İttifaqı zamanı xarici, eləcə də müttəfiq respublikaların vətəndaşları müalicə olunmaq üçün İstisu sanatoriyalarına üz tuturdular.
Kəlbəcərin digər təbii bulaqları, burada yetişən bitkiləri öz unikallığı və müalicəvi olmaları ilə şöhrət qazanmışdır.
Ermənistan 1993cü il 2 aprel tarixində Kəlbəcəri işğal etdi. Ermənilər 27 ildən çox Kəlbəcəri talan etmişdilər. Kəndlərdəki evlərin daşlarını söküb, meşələri qıraraq Ermənistana daşıyırdılar. Kəlbəcərin qızıl yataqlarını istismar edərək qanunsuz yollarla xarici şirkətlər vasitəsi ilə başqa dövlətlərə satırdılar. Ermənilər bu torpaqların təbiətinə belə qənim kəsilmişdilər. İşğaldan əvvəl Kəlbəcərdə 88 mindən çox əhali yaşayırdı. Kəlbəcərin işğalı zamanı buranın sakinləri respublikamızın 50-dən çox bölgəsinə yerləşdirildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb. Ermənilərdən canlarını qurtarmaq istəyən uşaqlar, qocalar, qadınlar qışın şaxtasında dağlarda donaraq dünyalarını dəyişdilər.
Bütün bu məşəqqətlərə baxmayaraq Kəlbəcərlilər bir gün belə Kəlbəcəri unutmadılar və geri dönəcəklərinə inandılar. Kəlbəcərlilər öz liderinə, Prezident cənab İlham Əliyevə inanırdılar və əmin idilər ki, ölkə başçımız torpaqlarımızı işğaldan azad edəcək.