Xəbərlər
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Noyabrın 23-də YAP Xətai rayon təşkilatı Nəsrəddin Tusi küçəsi 128, General Şıxlınski küçəsi 11, General Mehmandarov küçəsi 9 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 ili tamam oldu. Partiyanın yarandığı dövrün reallıqlarına nəzər salaraq bir daha bu fikri qeyd edə bilərik ki, YAP zamanın tələbi, xalqın istəyi ilə siyasət meydanına atılıb: “Ən əsası partiya yarandığı gündən ümumxalq partiyasına çevrilib, Azərbaycanın bu günü və sabahı üçün gərəkli addımları ilə diqqətdə olub, milyonların sevgiini və etimadını qazanıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Bu o dövr idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, vətəndaş qarşıdurması dərinləşir, torpaqlarımız işğal edilir, Azərbaycanın müstəqilliyi sual altında idi. Belə çətin dövrdə yaranan Yeni Azərbaycan Partiyasının 6 aydan sonra iqtidar partiyasına çevrilməsi dünya praktikasında olmayan hadisə idi. 29 il Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinə bələdçilik etdi. Partiyanın Sədri, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu son 18 ildə onun layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Ümummilli Lider 2003-cü ildə xalqa müraciətində növbəti dövr üçün inam və etimadın ünvanını göstərərək cənab İlham Əliyevə özü qədər inandığını bildirmişdi. Eyni zamanda, özünün başa çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyevin xalqın dəstəyi ilə həll edəcəyinə inamını ifadə etmişdi. Ulu öndər Heydər Əliyevin bu inamı Yeni Azərbaycan Partiyasının da gələcəyi ilə bağlı idi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasını dünənin, bu günün, gələcəyin partiyası adlandırırdı. Ötən 29 il özündə bütün bu inamların reallıqda öz əksini tapdığının təqdimatıdır. Bu müddətdə Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu təsdiqlədi.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, öz adını tarixə qələbələr partiyası kimi yazan Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə yeni qərarlarla qədəm qoyur: “Bu qərarlar partiyanın Zəfərimizin yaratdığı reallıqlar fonunda keçirilən VII qurulayında qəbul olunub. Hər bir rayon və şəhər təşkilatı özündə birləşdirdiyi ərazi partiya təşkilatlarının bütün qüvvə və bacarıqlarını səfərbər etməklə qarşıda dayanan vəzifələrin icrasına öz töhfələrini verməlidir. YAP Xətai rayon təşkilatı bu istiqamətdə fəaliyyətini daha da gücləndirir.”
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Kəmalə Quliyeva Nəsrəddin Tusi küçəsi 128 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Tahir Səmədov sədr müavini, Ziba Rzayeva General Şıxlınski küçəsi 11 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Kübra Əliyeva sədr müavini, Sevda Qocayeva General Mehmandarov küçəsi 9 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Telman Rüstəmov isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.