Xəbərlər
Vətən müharibəsi şəhidi Elşən Salayevin anım günü qeyd olunub
Noyabrın 18-də Xətai rayonunda Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar Əmircan qəsəbəsində şəhidin məzarı ziyarət edilib, G.Mehmandarov küçəsində onun adını daşıyan parkda xatirə lövhəsinin qarşısında tədbir təşkil olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar.”
Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək Elşən Salayevlə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.