Xəbərlər
YAP Azərbaycanın inkişafına daim öz töhfələrini verir
Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatında YAP-ın yaranmasının 29-cu ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası 29 il-Tarixi Qələbə və Zəfərlər partiyası” mövzusunda videoformatda tədbir keçirilib.
Tədbirdə YAP Cəlilabad rayon təşkilatının nümayəndələri, fəalları, Rayon İcra Hakimiyyətinin rəsmiləri və Milli Məclisin deputatı Elman Nəsirov iştirak ediblər.
YAP Cəlilabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mirsüleyman Mirxaslı tədbiri giriş sözü ilə açaraq, 29 ildə şərəfli yol keçən YAP-ın möhtəşəm uğurlarından söz açıb. O qeyd edib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı: “1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu.”
Çıxışlarda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq, bu gün xalqımızın nəhayət ki, böyük arzusunun gerçəkləşməsi, müqəddəs Qarabağ torpağının və işğal altında olan bütün ərazilərimizin öz əzəli sahibinə qaytarılması, bu torpaqlarda abadlıq və quruculuq işlərinin sürətlə aparılması da sevinc hissi ilə vurğulanıb.