Xəbərlər
Vətən müharibəsi - Qəhrəmanlıq salnaməmiz
Elmar Qasımov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal olunmuş torpaqlarımızı yağı düşməndən azad etməsi ilə nəticələnən tarixi Qələbəmizin - Zəfər Günümüzün birinci ildönümü ölkəmizin hər yerində böyük təntənə, yüksək coşqu ilə qeyd edildi. Bu təntənə xalqımızın ən böyük arzusuna çatmasının, tarixini yeni bir səhifədən yazmasının, 30 ilə yaxın həsrətin bitməsinin, vüsala qovuşmasının təntənəsi idi. Əsrlər ötəcək, nəsillər bir-birini əvəz edəcək, amma 8 Noyabr-Zəfər Günü tarix səhifəmizin ən şanlı günü kimi yaddaşlara həkk olunacaq, tariximizdə qızıl hərflərlə qalacaq.
Ali Baş Komandanın noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışında bildirdiyi kimi: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi bizim qəhrəmanlıq salnaməmizdir. Bu, elə bir qəhrəmanlıq tarixidir ki, 30 ilə yaxın müddətdə həllini tapmayan münaqişə, 30 ilə yaxın davam edən ədalətsizlik cəmi 44 günün içində həll olundu. Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Azərbaycan xalqının birliyi, bütövlüyü qələbəmizin açarı oldu. 44 gün ərzində dövlət-ordu-xalq birləşərək düşmənə "Dəmir yumruğ"un gücünü, qüdrətini göstərdi. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə möhtəşəm qələbə qazanaraq dünya birliyinə qüdrətli ölkə olduğunu sübut etdi.Azərbaycan həm də göstərdi ki, tarixi ədaləti, ərazi bütövlüyünü, dədə-baba torpaqlarından didərgin düşmüş şəxslərin doğma torpaqlara qayıtmaq haqqını bərpa etmək əzmindədir. Dünya şahidi oldu ki, kağız üzərində qalan 1993-cü ildə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni, sonrakı dövrlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi digər mühüm beynəlxalq təşkilatların qətnamə və qərarlarını Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanının düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində özü yerinə yetirdi. BMT-nin qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Bu, bəlkə də BMT tarixində ilk hadisə idi.
Azərbaycan xalqı 30 ilə yaxındır ki, bu günləri həsrətlə gözləyirdi. 30 il tarix üçün qısa vaxt olsa da, insan ömrü üçün uzun müddətdir. İndi torpaqlarını düşmən tapdağından azad etmiş, tarixi qələbəyə imza atmış, qüdrətini, gücünü sübut etmiş ölkənin vətəndaşları olaraq hər birimiz böyük qürur, iftixar, fəxarət hissi keçiririk.Hər birimiz hər anı tarixin silinməz səhifələrinə şərəflə yazılan anlara, dövlətçilik tariximizdə xüsusi əhəmiyyəti olan hadisələrə şahidlik etdiyimiz üçün xoşbəxt insanlarıq. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı oldu. Bu gün biz ədaləti bərpa etmiş, torpaqlarını xain düşməndən azad etmiş qalib dövlətin vətəndaşları, müzəffər xalqıq.
Böyük Zəfərdən ötən bir il ərzində Azərbaycan həm də dünyaya nümayiş etdirdi ki, vandalların 30 ilə yaxın müddətdə dağıtdığı, vəhşicəsinə talan etdiyi torpaqlarında qısa müddətdə necə böyük quruculuq işləri həyata keçirmək qüdrətindədir. Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması istər ölkəmiz, istərsə də bölgənin qarşısında yeni perspektivlər açır. Qarşıda bizi böyük qayıdış, tərəqqi dövrü gözləyir. Azərbaycan dövlətinin qarşısında başlıca prioritetlərdən biri bərpa və yenidənqurma işlərini həyata keçirmək, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. 30 illik işğal dövründə mənfur düşmənlərin bütün infrastrukturu, yaşayış binalarını, evləri, tarixi, mədəniyyət abidələrini tamamilə dağıdaraq, talan etməsinə baxmayaraq, Azərbaycan dövləti tezliklə o əraziləri cənnət guşəyə çevirəcək. Artıq genişmiqyaslı bərpa-quruculuq işləri ən yüksək səviyyədə, böyük sürətlə həyata keçirilir. Cəmi bir neçə aya inşa olunaraq təhvil verilən Qarabağın hava qapısı- Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi, "Zəfər yolu" avtomobil yolunun inşası aparılan genişmiqyaslı işlərin bir hissəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan qüdrətli dövlətdir və qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündədir. İndi Azərbaycan gələcəyə daha böyük inamla baxır, yolunda əmin addımlarla addımlayır, qətiyyətlə irəliləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirmişdi:"Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".
Ədalətin zəfər çaldığı Vətən müharibəsi bizə vətən, torpaq uğrunda qorxmadan, qəhrəmancasına canını fəda edən həqiqi qəhrəmanlar qazandırdı. O qəhrəmanların həyat yolu hər bir gəncimiz üçün, gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin əbədiyyət ömrü bütün nəsillərə nümunədir, örnəkdir. Hər bir azərbaycanlı gənc tarixini unutmamalı, dərindən öyrənməli, qəhrəmanların məktəbindən bəhrələnməli, onları yaşatmalıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.
Artıq bir ildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub. Biz yeni, şanlı tarix, qəhrəmanlıq tarixi yazmışıq. Bu tarixin müəllifi olan müdrik rəhbərimiz, Ali Baş Komandanımız, düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı azad edən qalib Ordumuz, birliyini sübut edən xalqımız, Zəfəriniz mübarək! Bütövlüyümüz, birliyimiz, gücümüz daimi olsun!