YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin Zəfər Salnaməsi

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

 

Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala və haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın və biz buna nail olduq. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi. Biz bu illər ərzində, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində güc toplayırdıq, həm də ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan əsgəri oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Qəhrəman ordumuz dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi.Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq.

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Müharibə dövründə bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.