Xəbərlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı
Cavid Osmanov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan 200 ildən çox müddəti əhatə edən düşmənçilik siyasəti 1990-cı illərin əvvəllərində ən kəskin formaya keçdi. Sovetlər Birliyinin dağılmasından istifafə edən Ermənistan ölkəmizə qarşı açıq-aşkar ərazi iddiaları ilə elan edilməmiş müharibəyə başladı və 20 faiz torpaqlarımızı işğal etdi. İşğala və soyqırıma məruz qalan Azərbaycan bütün bunlara baxmayaraq yaranmış münaqişənin sülh yolu ilə həllində maraqlı idi. Lakin Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir və davamlı olaraq təxribatlar törətməklə məşğul olurdu. Azərbaycan dövləti hər zaman qeyd edirdi ki, biz münaqişənin sülh yolu ilə həllinin tərfədarı olsaq da bu o demək deyildir ki, danışıqlar əbədi davam edəcəkdir. Danışıqlar yolu ilə münaqişə öz həllini tapmadğı təqdirdə hərb variantı qaçılmaz olacaq. Ermənistan son illər ərzində davamlı təxribat xarakterli əməlləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və keçmiş təmas xətti, eyni zamanda dövlət sərhəddində hərbi təcavüzlər törədirdi.
Ermənistanın növbəti təxribat cəhdlərindən biri də məhz 2020-ci ilin 27 sentyabr tarixində baş verdi. Artıq səbri tükənmiş Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı.
44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla- ballistik raketlərlə atəşə tutur, dinc əhaliyə qarşı qanlı terror törədir, mülki infrasturktura ciddi ziyan vururdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının döyüş əzmi azalmır, əksinə düşmənə qarşı olan qəzəb hissi daha da artır, törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alınırdı.
Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməkdə və parlaq qələbə qazanmaqda israrlı idi. Azərbaycan əsgəri düşmənin belini qırır, hər gün yeni ərazilərimizi işğaldan azad edirdi. Düşmən isə qorxub qaçır, canını qurtarmağa çalışırdı.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Koamndan İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir.
44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi məhz cənab Prezident İlham Əliyev edirdi. Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.
30 il müddətində torpaqlarımızı işğalda saxlayaraq Azərbaycana qarşı talançılıq, çoxnövlü terror törədən Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr bu ölkəyə havadarlıq etməyə çalışmışlar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü demiş, ermənipərəst dairələri öz yerinə oturtmuşdur. Başqa sözlə desək 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vurmuş, erməni faşizminin başını əzmişdir.
Hərbi əməliyyatların bitməsindən artıq bir il ötür və münaqişə də öz həllini tapıb, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək öz dövlət sərhədlərinə çıxıb. Artıq Azərbaycan qalib ölkə olaraq regionda yeni reallıqlar yaradıb. Azərbaycan bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi əməliyyatlar bitər-bitməz başladılan genişmiqyaslı yenidənqurma-bərpa işləri də məhz bunun göstəriciləridir.
Azərbaycan öz qələbəsi ilə regionda yeni əməkdaşlıq mühiti yaradıb və bunun üçün müxtəlif platformalar irəli sürülüb. Bütün bunlar isə regionun inkişafında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Region ölkələri, hətta Ermənistan da öz siyasətində dəyişiklik etməklə, bu təkliflərdən yararlana bilərlər. Azərbaycan qalib ölkə olaraq regionun hər bir ölkəsi ilə əməkdaşlıqda maraqlıdır. Bu vaxta qədər də Ermənistan istisna olmaqla regionun hər bir ölkəsi ilə əməkdaşlıqlar yüksək səviyyədə olub. Azərbaycan-Türkiyə münasibətləri bu deyilənlərə ən gözəl nümunədir. Ölkələrimiz hər zaman bir-birinin yanında olub və biz Vətən müharibəsi başlanan ilk saatlardan bir daha bu birliyin şahidi olduq. Qardaş Türkiyə dövləti və dövlət başçısı cənab Rəcəb Tayyip Ərdoğan hərbi əməliyyatlar başalayan ilk saatlardan ölkəmizə siyasi dəstək verərək Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər.
Azərbaycan parlaq Zəfəri ilə yartmış olduğu yeni reallıqlara əsasən qonşu Rusiya ilə də münasibətlər yeni mərhələyə qədəm qoymuş oldu. Azərbaycan qalib ölkə olaraq münasibətlərin formalaşdırılmasında mühüm rol oynayır. Həm Türkiyə, həm Rusiya, həm də regionun digər ölkələri ilə olan münasibətlər, əməkdaşlıqların dərinləşdirilməsi regional təhlükəsizliyin möhkəmlənməsi üçün mühüm töhfə olacaqdır.
Böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər bayramını qeyd edən xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə də tezliklə sağalmaqlarını diləyir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir. Dövlətimiz, xüsusilə də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə qarşı yüksək diqqət-qayğı vardır.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Vətən müharibəsi günlərində olduğu kimi bu gün də xalqımız öz lideri - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək daha güclü və qüdrətli Azərbaycan qurmaq naminə böyük əzmkarlıq göstərir. Xalqımızın öz dahi Sərkərdəsinin ətrafında birliyi əbədi və sarsılmazdır.