Xəbərlər
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
YAP Xətai rayon təşkilatı Cavanşir küçəsi 12, Məhsəti küçəsi 3 ünvanlarında yerləşən və Kənd Əhmədli ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, bu gün güclü, qüdrətli, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün qürur mənbəyidir: “Keçilən yolun təhlili fonunda bu fikri böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyənləşdirilən yol Azərbaycana böyük uğurlar qazandırıb. Son 18 ildə bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dövlətimizi daha parlaq gələcəyə, inkişafa doğru inamla aparır. Hazırda tarixi Qələbəmizin sevincini yaşamaqla yanaşı, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib Lider kimi işğaldan azad olunmuş torpaqlarımıza ardıcıl səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır, söz sahibi olduğunu irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla təsdiqləyir.”
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, ölkəmizin uğurlarında öz payı olan Yeni Azərbaycan Partiyasını milyonların partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında xalqın, dövlətin maraqlarını üstün tutmasıdır: “Müstəqilliyinin yenidən bərpasının 30 ilinə bələdçilik edən YAP sözlə əməl birliyi sayəsində cəmiyyətdə getdikcə nüfuzunu artırır, özünə inamı və etimadı gücləndirir. Zəfərimizin yaratdığı reallıqlar əsasında özünün VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarlarla gələcək addımlarının aydın mənzərəsini təqdim etdi. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin icrası üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.”
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Gülnaz Kərimova Cavanşir küçəsi 12 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Səkinə Abbasova sədr müavini, Elçin Salmanov Kənd Əhmədli ərazi partiya təşkilatının sədri, Sevinc Məmmədova sədr müavini, Röyal Yolçuzadə Məhsəti küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Ziba Cəfərli isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.