Xəbərlər
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov ağdaşlı qazilərlə görüşmüşdür
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanovun Ağdaş rayonundan Vətən müharibəsində iştirak edərək yaralanan qazilərimizlə keçirdiyi mütamadi xarakter daşıyan görüşləri davam edir. Millət vəkili növbəti görüşlər zamanı 4 qazinin - Ağdaş şəhər sakini Xəlilli Nizami Zahir oğlunun, Qobuüstü kənd sakini Qarayev Elməddin Telman oğlunun, Pirkəkə kənd sakini Osmanov Tofiq Şadi oğlunun və Şəmsabad kənd sakini Səfərəliyev Murad Nofəl oğlunun yaşadıqları evdə olmuşdur. Görüşlər zamanı qazilərin keçdikləri döyüş yolu və göstərdikləri igidliklər haqqında söhbətlər edilmişdir.
Hər bir qazimizlə keçirilən görüşdə Cavid Osmanov Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etmişdir. Şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışan millət vəkili əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulamışdır. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğu, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən insanlarımızın Prezidentimiz cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqları qeyd edilmişdir.
Qazilərimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti, müəzffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.