YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ermənistan buna cavab verməli olacaq

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Zəngilana səfəri tarixi günə təsadüf edir. Məhz bir il bundan öncə - 20 oktyabrda Azərbaycanın rəşadətli ordusu Zəngilanı erməni işğalından qurtardı. Beləliklə, 20 oktyabr təkcə zəngilanlılar üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün Zəngilanın zəfər günüdür. Cənab Prezident adıçəkilən şəhərə səfəri zamanı zəngilanlılarla bir araya gəldi. Zəngilanda qurulacaq və yaradılacaq layihələrlə yaxından tanış oldu. Ölkə başçısı zəngilanlılarla görüşü zamanı çox maraqlı açıqlamalar səsləndirdi”.

Bunu açıqlamasında deputat Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, ölkə başçısı ötən dövr ərzində, post-münaqişə dönəmində həyata keçirilmiş işlərə və layihələrə xüsusilə toxundu:

“Biz unutmamalıyıq ki, bu, cənab Prezidentin Zəngilana dördüncü səfəridir. Zəngilan çox önəmli və əlverişli coğrafi-strateji mövqedə yerləşir. Burada müasir logistika-nəqliyyat mərkəzi yaradılacaq. Buraya yük və sərnişin təyyarələri enib-qalxacaq. Zəngilandan dəmir yolu və avtomobil xətləri keçəcək. Bütün bu infrastrukturlar bir hab olaraq burada birləşəcək. Əvvəllər Zəngilanda hava limanı yox idi. İndi isə orada beynəlxalq hava limanı tikiləcək. Həmçinin Zəngəzur dəhlizi də buradan keçir. Ona görə də həm dəmir yolları, həm də avtomobil yollarının tikintisinə başlanılıb. Bu işlərin sürətlə həyata keçirilməsi üçün Azərbaycan üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Təəssüflər olsun ki, işğal dövründə Qarabağda, eləcə də Şərqi Zəngəzurda, Zəngilanda bütün infrastruktur tamamilə dağıdılıb. Eyni zamanda Vejnəli qızıl yatağı uzun illər qanunsuz olaraq istismar edilib. Uzun illər həmin qızıllar talan edilərək başqa yerlərə satılmışdı. Cənab Prezident Zəngilanda bu məsələyə də toxundu. Bildirdi ki, Vejnəli yatağını qanunsuz istismar edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə başlanılıb”.

Naqif Həmzəyevin fikrincə, bu da onu deməyə əsas verir ki, bizim ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olan xarici şirkətlər cəzasız qalamayacaq:

“Hətta Ermənistanın özü də buna cavab verməli olacaq. Cənab Prezident həm də Zəngəzur məsələsinə toxundu. Son dövrdə baş verən proseslər onu göstərir ki, tezliklə Zəngəzur dəhlizinin açılması prosesi reallaşacaq. Görünən odur ki, ölkə başçısı görülməli olan işləri mərhələli şəkildə və düzgün formada yerinə yetirib. Biz qarşımıza qoyduğumuz bütün mətləb və istəklərə nail olacağıq. Biz Zəngilanın işğaldan azad olunmasını uzun illər gözlədik. Gözlədiyimiz müddət ərzində Azərbaycan öz ordusunu, iqtisadiyyatını və beynəlxalq əlaqələrini gücləndirdi. Ümid edirik ki, yaxın müddətdə Zəngilandan olan keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar. Ən qısa zamanda biz Qarabağı, Şərqi Zəngəzuru cənnət məkana çevirə biləcəyik”.