YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

Oktyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, hər iki tərəfdən geniştərkibli nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Qətərlə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrini bölüşdüyümüzü bildirən nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycan Prezidenti ilə görüşünün çox məhsuldar keçdiyini qeyd edib. O, Azərbaycan üçün çox önəmli bir gündə ölkəmizdə olmaqdan məmnunluğunu bildirib və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək nazir Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani tərəfindən bir daha səsləndirilib.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra bölgədəki inkişaf, üçtərəfli bəyanatların yerinə yetirilməsi və bu xüsusda Azərbaycan tərəfindən görülən tədbirlər, eləcə də 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən sistemli dağıntılar, tarixi, mədəni və dini irsimizin izlərinin silinməsi cəhdləri, qeyri-qanuni fəaliyyət, ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsi və sair haqqında ətraflı məlumat verib. Azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəf məlumatlandırılıb.

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, habelə alternativ enerji, nəqliyyat bağlılığı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və mövcud potensialdan istifadə edilməsi məsələlərini müzakirə ediblər. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə iqtisadi, ticarət və texniki komissiyanın iclasının keçirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyi qeyd edilib.

Sonda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzalayıblar.

DİGƏR Xəbərlər Arxiv