Xəbərlər
Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunmuş elmi-praktik konfrans keçirildi
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
Tədbirin əvvəlində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov, YAP Sumqayıt şəhər təşkilatının fəali Fəridə Qafarova, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov çıxışlarında 44 günlük Vətən müharibəsindən, düşmən üzərində qazanılmış qələbədən və qələbəyə təminat verən amillərdən söz açdılar. Öz çıxışlarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan müqəddəs savaşın hər bir gününün zəfər gününə çevrildiyini qeyd edən natiqlər hər gün qəhrəman döyüşçülərimizin irəli getdiyini və 44 gün ərzində bircə dəfə də olsun azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilmədiklərini qeyd etdilər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox” - deyərək haqq savaşına çıxmışdılar. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görülməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. 30 illik Qarabağ yarasına məlhəm çəkdilər. 2020-ci il noyabrın 8-də şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı, igidlərimiz düşmənləri qarşılarında diz çökdürərək onların müqavimət istəklərini birdəfəlik sındırdılar. 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Daha sonra Füzuli özünümüdafiə taborunun komandiri I və II Qarabağ döyüşlərinin iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli Zahir Həsənov və Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəllimi, II Qarabağ döyüşlərinin iştirakçısı Orxan Quliyev Füzulinin azad olunmasından söz açdılar, gənclərlə döyüş təəssüratlarını bölüşdülər.
Sonda Sumqayıt şəhər 33 saylı orta məktəbin 1 c sinif şagirdləri vətənpərvər ruhda şeirlər səsləndirdilər.