YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 oktyabr 2003-cü il təqvimi müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı hesab edilir

Cavid Osmanov

Milli Məclisin deputatı

15 oktyabr 2003-cü il təqvimi müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı hesab edilir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq ölkə Prezidenti seçilən cənab İlham Əliyev həmin vaxt – “Mən hər bir azərbaycanlının prezidenti olacam” deyə, qeyd etmişdi. Həqiqətən də belə oldu, xalq qarşısında deyilən bu sözlər zamanla öz təsdiqini tapdı. 2003-cü il 15 oktyabr tarixində keçirilən Prezident seçkilərində xalq cənab İlham Əliyevə səs verməklə əslində Ulu Öndər Heydər Əliyev siyasi kursuna, onun layiqli davamçısına səs vermiş oldu. Seçkilərdən 14 gün əvvəl öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərkən xalqa müraciətində Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevi  şəxsiyyət və siyasətçi olaraq  xarakterizə etməklə onun portretini yaratmışdı. Məhz bu səbəbdən də xalqımız seçimində tərəddüd etmədi və Ulu Öndərin layiqli davamçısına səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Cənab İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar ataraq müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması naminə mühüm işlər görmüşdür. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artdı.

Həyata keçirilən düşünülmüş daxili siyasət nəticəsində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ildən ilə artmağa başlamış, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın yaradılmasına nail olunmuşdur. Nəhəng infrastruktur layihələri həyata keçirilmiş, ölkənin hər bir bölgəsində müasir standartlara cavab verən təhsil və səhiyyə ocaqları, gənc nəslin sağlam inkişafına zəmin yaradan Olimpiya İdman Kompleksləri tikilərək istifadəyə verilmişdir.

Cənab Prezident İlham Əliyevin irəli sürdüyü regional və beynəlxalq əhəmiyyətli enerji layihələri uğurla reallaşdırılmış, bütün bunların nəticəsində isə Azərbaycan dünyada möhkəm əsaslı nüfuz sahibinə çevirilməyi bacarmışdır. Bununla da dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etmişdir.

Cənab Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bütün bu sadalanan uğurların əsasında dayanan mühüm amillərdən  biri cənab Prezident İlham Əliyevin bacarıqlı liderlik xüsusiyyətinə malik olmasıdır. Cənab Prezident İlham Əliyevin yüksək liderlik məharəti nəticəsində islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planı məharətlə pozulmuş, müsəlman şərqində uğurla reallaşdırılan “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısı ustalıqla alınmışdır. Xalqımız etnik, siyasi və ideoloji qarşıdurmadan məharətlə qorunmuşdur.

Prezident seçildiyi ilk gündən dövlət başçısının apardığı sosial siyasətinin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Ölkə iqtisadiyyatının inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atılan ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.

Cənab Prezident İlham Əliyevin Azərbaycanın uğurlu gələcəyinə istiqamətlənmiş siyasəsətin əsas komponentlərindən biri də gənclər siyasətidir. Sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişməsi üçün həyata keçirilən mühüm tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

Ölkədə həyata keçirilən uğurlu daxili, xarici siyasət, davamlı olaraq reallaşdırılan islahatlar müstəqil Azərbaycan dövlətinin inkişafını təmin edir ki, bu da xalq-iqtidar birliyinin möhkəmlənməsinə zəmin yaradır. Nəticədə yetişən gənc nəsil öz Prezidentinin ətrafında onun sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında mütəşəkkil formada birləşməsinə gətirib çıxarır. Azərbaycan siyasi sisteminin əsas sütunu olan Yeni Azərbaycan Partiyası  davamlı olaraq xalqın etimadını doğruldur və bu istiqamətdə gələcək potensialı gündən günə daha da artır.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi. Ən ali məqsədlərdən olan ölkəmizin ərazi bütövlüyünün  təmin olunmasına isə ötən ilin 27 sentyabrında başalanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli  Ordumuz tarixi ədaləti bərpa edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi.

Müstəqilliyinin ilk illərində Azərbaycan əsassız şəkildə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, uzunmüddətli münaqişəyə cəlb edilmişdir. İşğalla üzləşməsinə baxmayaraq ölkəmiz münaqişənin sülh yolu ilə həllində maraqlı olmuş, lakin sülh danışıqları nəticə verməyəcəyi halda hərb variantının da qaçılmaz ola biləcəyini bəyan edirdi. Təbii ki, ölkə Prezidenti cənab İlham Əliyev davamlı olaraq orduquruculuğu ilə məşğul olur, Azərbaycan Silahlı Qüvvələrinin arsenalı ən müasir silah-texnika ilə təchiz edilirdi. Bütün bunların nəticəsi isə artıq dünyaya  məlumdur. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Xalqımz bu hədəflərinə də məhz Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın illər ərzində nail olacaqdır.