YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azadlıqlarının bir yaşını qeyd edən şəhər və kəndlərdə dünyanın ən müasir şəhərsalma layihələri icra olunacaqdır

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Ölkəmiz 30 illik müasir müstəqillik dövründə bir çox uğurlar əldə etmişdir. Lakin bizim heç bir uğurumuz Qarabağ zəfəri qədər böyük deyildir. İşğal altında olan torpaqlarımız qanlarını, canlarını vətən uğrunda qurban verənlərin hesabına azad olunmuşdur. Ölkəmizin hər regionu inkişaf edir, hər şəhəri, hər kəndi müasir görüntüyə bürünür. Buna bəzən xarici dostlarımız inkişafın "Azərbaycan modeli” də deyirlər. Doğrudan da qısa zamanda əldə etdiyimiz sosial-iqtisadi inkişaf siyasi müstəqilliyimizi, ordu quruculuğumuzu təmin etdi. Biz müasir hərb tarixində əldə olunmayan bir zəfər qazanmışıq. Dünyanın müxtəlif ordularının marağına səbəb olan sürətli hərbi əməliyyatlar hesabına müharibəni bitirmişik. İndi qarşimizda duran ən vacib məsələ insanların öz torpaqlarına qaytarılması və yeni həyatın azad olunmuş ərazilərdə bərpasıdır. Digər regionlarımızın sosial-iqtisadi inkişafına azad olunmuş ərazilərin də qoşulmasını təmin etməliyik. Otuz il ərzində təəssüf ki, bizdən asılı olmayan səbəblər ucbatından işğal altında olan torpaqlara sərmayə qoyula bilməmişdir. Müstəqillik dövründə biz heç suveren sərhədlərimizin bərpasını həyata keçirə bilməmişdik. Müstəqillik tariximiz 30 il olsa da həmin torpaqların azadlığının cəmi bir yaşı vardır.

Azadlıqlarının bir yaşını qeyd edən şəhərlər, kəndlər üçün ən böyük töhfə cənab Prezident İlham Əliyevin o torpaqlara ziyarəti və dövlət bayrağımızın dalğalanmasıdır. Məhz bu məqsədlə oktyabr ayının 3-ü və 4-ü tarixlərində Talış, Suqovuşan kəndlərinə və Cəbrayıl rayonlarına səfərlər tarixi əhəmiyyətə malikdir. Xalqımızın bütün müsbət keyfiyyətləri dövlət başçımızda cəmlənmişdir. Yalnız işğaldan azad olunmuş ərazilərə deyil, bütün regionlara səfər edərkən dövlət başçısı səfər çərçivəsində açılışlar edir. “Suqovuşan-1” və”Suqovuşan-2” KSES-lərinin açılışı, Tərtər - Suqovuşan yolunun istifadəyə verilməsi və Suqovuşan - Naftalan yolunun təməlinin qoyulması, Dövlət Bayrağının qaldırılması, Tərtər şəhərində müharibədən zərərçəkmiş vətəndaşların ev və digər təminatlarla təmin olunması Tərtər rayonuna edilmiş səfərin yadda qalan hissələrindən idi. Talış kəndində qədim alban kilsəsinin və rus kilsəsinin ziyarət olunması, orada həyata keçirilmiş saxtakarlıqların dövlət başçısı tərəfindən dilə gətirilməsi vacib məqam idi. Eyni zamanda da o kilsələrin yenidən bərpa olunacağı və qorunacağı ilə bağlı cənab Prezidentin fikirləri bizim tolerantlığımızın təzahürü idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan-müsəlman milli-mənəvi dəyərləri ancaq təhqir olunmuş, məscidlər dağıdılmış və içərilərində heyvanlar saxlanmışdı. Biz isə bizə qarşı edilmiş bütün təhqirlərə, bütün haqsızlıqlara rəğmən müharibəni də ədalətli bitirdik, bundan sonra sülh və əməkdaşlıq dövrünə də insani keyfiyyətlərlə yanaşacağıq. Başımıza gətirilmiş bütün faciələr əlbəttə, unudulmayacaq. Biz hər bir azad olunmuş şəhərdə Zəfər və İşğal müzeylərini məhz bu səbəbdən yaradırıq. Amma eyni zamanda da ədavət sonsuza qədər davam edə bilməz. Azərbaycan və erməni xalqları eyni regionda yaşamağa davam etməlidirlər. Bu, yaranmış yeni reallığın həm diqtəsi, həm də gərəyidir.

Suqovuşan səfərinin ən vacib məqamları isə məncə cənab Prezidentin Ermənistanın keçmiş prezidenti, əli Xocalıda məsum insanların qanına batmış Serjik Sarkisyanın əsassız ittihamlarına tutarlı cavabları idi. Haqsız olaraq, riyakarcasına Azərbaycan xalqına, dövlətinə və milli-mənəvi dəyərimiz olan Ulu Öndər Heydər Əliyevə dil uzatmaqdan çəkinməyən Serjikə cənab Prezident yerini və ümumiyyətlə yersiz adam olduğunu bildirdi. Doğrudur, erməni ordusunun Ali Baş Komandanı Paşinyandır və biz faktiki onu məğlub etmişik. Lakin Paşinyan ordu yaratmamışdı. Paşinyan ordunun ərzağını satmamışdı. Ordunu məhv edən Serjik özü idi. Ona əl tutan, onun qalxmağına, irəli çəkilməyinə səbəb olan hamıya xəyanət edən bir adamın mənasız, boş ifadələrlə məğlubiyyətini qəbul etmək istəməməsi başa düşüləndir. Çünki Serjikin xislətində bu kimi hallarla rastlaşmaq olar. Amma hesab edirəm ki, erməni xalqı artıq anlayır ki, Serjik kimiləri kimdir və onlara nə dərəcədə böyük ziyanlar vurmaqdadır. Azərbaycanla münasibətlərini düzəltmək əzmində olan bir xalq kimi ermənilər əli qana batmış, cinayətdə ittiham olunmuş hər kəsin cəzasını özləri verməlidirlər ki, bundan sonra sülh və firəvanlıq içində yaşaya bilsinlər.

Azad olunmuş ərazilərə səfər çərçivəsində məhz 4 oktyabr tarixində Cəbrayıl şəhərinə gedən Prezident İlham Əliyevin proqramı çox zəngin olmuşdur. Hesab edirəm ki, səfər həm mənəvi-psixoloji, həm sosial-iqtisadi, həm də tarixi nöqteyi nəzərindən əhəmiyyətli idi. “Kamaz ASC” ilə “Gəncə Avtomobil Zavodunun” birgə layihəsi olan xidmət mərkəzlərinin və “Arazboyu” azad iqtisadi zonasının təməlqoyma mərasimində iştirak edən cənab Prezident regionun gələcək inkişafı ilə bağlı vacib bir məqamın da əsasını qoydu. Cəbrayıl yarımstansiyası istifadəyə verildi. Bununla da Cəbrayıl şəhəri və ətraf ərazilər davamlı, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqdır.

“Kamaz ASC” və Rusiyanın digər şirkətlərinin azad olunmuş torpaqların bərpasında maraqlı olması həm də regionda siyasi stabilliyin qorunub saxlanması üçün vacibdir. Biz bütün dövlətlərin bu prosesə öz töhfələrini verməsində maraqlıyıq. Rusiyadan gələn nümayəndə heyətinin açılacaq Zəngəzur dəhlizi ilə bağlı ümidlə danışması bizim həyata keçirdiyimiz meqa layihələrin uğurundan xəbər verir.

Cəbrayılın və bərpa olunacaq şəhər, kəndlərin analoqu olmayacağını onların baş planlarını görən hər kəs anlaya bilər. Dünyanın ən müasir şəhərsalma layihələri məhz bu torpaqlarda icra olunacaqdır. Məktəblər, yollar, keçidlər, ticarət və iaşə obyektləri, ən müasir texnologiyaların tədbiq olunduğu yaşayış kompleksləri Cəbrayılın müasir mənzərəsini bəzəyəcəkdir. İşğaldan əvvəl 52 min olan Cəbrayıl şəhərinin əhalisinin sayı yenidənqurmadan sonra 82 minə yüksələcək. Çoxmənzilli yaşayış binalarının tikilməsi ilə məcburi köçkün olan cəbrayıllılar öz torpaqlarında müasir şəhər standartları ilə yaşayacaqlar. Prezident bu dəfə də öz ənənəsini pozmadı və rayonun yeni mənzərəsi ilə bağlı əhalidən xeyir-dua aldı.

Cəbrayıl rayonu böyük qayıdışın ilk addım səsləridir. Tarix və taleh elə bir mənzərə yaradıb ki, Cocuq-Mərcanlıdan sonra bizim qələbəyə olan inamımız artaraq bizi yekun zəfərə çatdırdı. Biz məhz Cocuq-Mərcanlıda əyani gücümüzün fərqinə vardıq. Ordumuz nəzəri imkanlarını praktiki görmək fürsəti əldə etdi. Bu cəhətdən Cəbrayıl bizim qayıdışımızın ilk çarçısı hesab oluna bilər. Oktyabrın 4-də rayon mərkəzləri arasında Cəbrayılın ilk azad olunması da talehin bir töhfəsi hesab oluna bilər. Cəbrayıllılarla səmimi görüş vaxtı Prezidentin döyüşlər haqqında fikirləri səsləndirməsi və ümumiyyətlə səmimi dialoq xalq-iqtidar birliyinin təzahürüdür. Cəbrayılda yaradılmış düşmən istehkamlarını aradan qaldırmaq və irəliləmək əsil qəhrəmanların canlarını qurban verməsi bahasına baş vermişdir. Biz şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Ötən bir il ərzində görülən işlərə baxanda məlum olur ki, hərbi qələbələrlə yanaşı biz diplomatiya, media, ictimai münasibətlər sferalarında da qələbələr qazanmışıq. İndi azad olunmuş bütün ərazilərdə sürətlə yenidənqurma işləri gedir. Hansıları ki, biz öz hesabımıza həyata keçiririk. Ən çox zərərçəkən və müharibə nəticəsində maddi, mənəvi xəsarət görən biz olsaq da, təəssüf ki, ermənilərə olan dəstək daha çoxdur və bu bizi məyus edir.

Bizim yaratdığımız yeni reallıqlarla hər kəs barışmalıdır. Çünki biz ədalətin və beynəlxalq hüququn normalarını yerinə yetirmişik. Bu səbəbdən də yaradılmış yeni reallığın alternativi yoxdur. Dəstək verənləri isə az deyildir. Başda Zəngəzur dəhlizi olmaqla bütün kommunikasiya vasitələrinin açılması, yollardan istifadə olunması, bölgədə sülh və əməkdaşlıq mühitinin formalaşması görünür ki, kimləri isə narahat edir.

30 illik işğal dövründə Ermənistanın həyata keçirdiyi bütün illeqal hərəkətlərə qarşı göz yumanlar indi əsassız olaraq Azərbaycanı ağılasığmaz ittihamlar qarşısında qoymağa çalışırlar. Lakin hər kəs yaxşı anlamalıdır ki, Azərbaycan öz torpaqlarından dəfələrlə İran ərazisinə edilə biləcək hücumların qarşısını alıb. Biz bunda maraqlı deyilik. Əksinə, Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın altılıq formatında əməkdaşlıq təklifinə ilk dəstəyi biz vermişik. Uzun illərdir işğal faktına rəğmən Ermənistanla əməkdaşlıq edən İranın siyasi hakimiyyətinə qarşı bir cümlə də olsa biz ittiham irəli sürməmişik. Bu, onların daxili, şəxsi işləri və suveren hüququdur. Lakin bunun qarşılığında cəfəng iddialar irəli sürərək bizi ittiham etmək haqqı heç kimə verilməmişdir. Azərbaycan ərazilərində israilli vətəndaşların yerləşdirilməsi ilə bağlı əsassız iddialara gəldikdə isə, bunu araşdırmaq elə də çətin məsələ deyildir. Amma İran hakimiyyəti gərək bu məsələni otuz illik işğal dövründə qaldırardı. Axı bizə müsəlman qardaşım deyən bir dövlət, cəmiyyət bu tərz addımlar atmamalıdır. İranın hərəkətləri bəzi suallar doğurur. Bu sualları elə öz vətəndaşları ünvanlayır. Milyonlarla azərbaycanlının yaşadığı İran Azərbaycana qarşı münasibətlərində əsil qardaş kimi davranmalıdır.

DİGƏR Xəbərlər Arxiv