YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti - elbası Nursultan Nazarbayevlə görüşüb.

Milli Məclisin nümayəndə heyətini mehribanlıqla salamlayan Qazaxıstan Respublikasının birinci Prezidenti - elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevlə bağlı xoş xatirələrini yada salıb. Nursultan Nazarbayev son 30 ildə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini, iqtisadi tərəqqini, dövlət quruculuğunun müxtəlif sahələrində uğurla həyata keçirilən islahatları yüksək dəyərləndirib.

Nursultan Nazarbayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət, bölgədə sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlar, yeni reallıqlar şəraitində nəqliyyat dəhlizlərinin açılması beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunu çox gücləndirib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını elbası Nursultan Nazarbayevə çatdıran Milli Məclisin sədri qazax xalqının yetirdiyi bu böyük şəxsiyyətlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasındakı dostluqdan söz açıb. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın möhkəmlənməsində bu iki böyük şəxsiyyətin danılmaz xidmətləri olduğunu vurğulayıb.

Azərbaycan-Qazaxıstan münasibətlərinin tarixində Prezident İlham Əliyevin Nursultan Nazarbayevlə hər görüşünün xüsusi səhifə təşkil etdiyini bildirən Sahibə Qafarova bu görkəmli dövlət xadiminin 2017-ci ildə ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilməsini məmnunluqla yada salıb.

Görüş zamanı spiker Azərbaycan və qazax xalqlarının müstəqillik dövründə çətin mərhələlərdən keçdiyini deyib. O bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

Azərbaycan parlamentinin rəhbəri əlaqələrimizin genişlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolundan, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib.

Görüşdə Sahibə Qafarova Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin türk xalqlarını bir araya gətirmək təşəbbüslərinin yüksək dəyərləndirildiyini vurğulayıb. Xalqlarımızın daha sıx münasibətlər qurmasında, Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın və TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaratdığı imkanları xüsusi qeyd edib.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açan Sahibə Qafarova 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Ermənistana layiqli cavab verdiyini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini həyata keçirdiyini vurğulayıb. S.Qafarova 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatla münaqişəyə son qoyulduğunu deyib. İşğal illərində Qafqazın Xirosimasına çevrilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.