Xəbərlər
Sahibə Qafarova: Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq
Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA-nın Qazaxıstanın Türküstan şəhərində keçirilən 10-cu plenar iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.
S.Qafarova bildirib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb.
Onun sözlərinə görə, bu böyük Qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi imkanın yaranmasıdır. İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.