YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Savaşın ilk saatlarından Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verdi

Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə də yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xarici siyasət kursunda bir nömrəli məsələ olub. Bu dəfə artıq savaşdan sonra BMT-də dediyi sözlər bizi çox sevindirir və bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında o bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi.

Bu fikirləri Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində Türkiyə-Azərbaycan münasibətləri barədə danışarkən səsləndirib.

Dövlətimizin başçısı deyib: “Savaşa qədər də, - siz burada uzun illər yaşayan bir insan kimi bilirsiniz, - Türkiyə Azərbaycan üçün nə qədər doğma, nə qədər əziz ölkədir və Azərbaycan da Türkiyə üçün. Bu son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Mən, - yəqin siz də bunu xatırlayırsınız, - nə qədər demişdim ki, dünya miqyasında buna oxşar əməkdaşlıq, dostluq, qardaşlıq yoxdur. Onu da demişdim, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir. Ancaq onların arasında, görün, nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var”.

Azərbaycan Prezidenti qeyd edib ki, etnik, dini, mədəni köklər hələ bu ölkələrin qardaş ölkələr olması demək deyil. “Belə hallar çoxdur, həm Yaxın Şərqdə, eyni zamanda, postsovet məkanında. Ona görə mən hesab edirəm ki, belə çox güclü bir tarixi, mədəni zəmin üzərində bu cür gözəl münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir. Həm hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu, həqiqətdir. İkinci Qarabağ savaşı bunu bir daha göstərdi. Yəni, Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük bir üstünlük idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv