YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğrunda canlar verilən torpaq müqəddəsdir

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Vətən Müharibəsindən bir il ayırır bizi. Ölkənin bütün ərazilərində 27 sentyabr - Anım Günü qeyd edilir. Vətən Müharibəsi adlandırdığımız 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Vətən müharibəsi qaçılmaz idi, çünki 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı  Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təxribat törətdi. Düşmən təcavüzünə son qoymaq üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Vətən Müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Hərbçilərimizin qəhrəmanlığı, şəhidlərin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinə şahid oldu.

 Prezident İlham Əliyevin şəhid ruhlarına, şəhidlərin doğmalarına ehtiramının göstəricisi olaraq 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalaması hamımız üçün gözlənilən idi. Vətən Müharibəsində qazandığımız qələbə qəlbimizi qürurlandırdığı qədər, itirdiyimiz şəhidlər qəlbimizi sızladır, onların xatirəsinin əbədiləşdirilməsi, ruhlarının şad edilməsi istiqamətində görülən işlər hər birimiz üçün ən prioritet istiqamət hesab olunur. Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan Şəhidlər hər biri baş tacımız, qürur, fəxr mənbəyimizdir. 

Elə bu səbəbdəndir ki, şəhidlərin məzarlarının hazırlanması, onların xatirəsinin əbədiləşdirilməsi, Vətən Müharibəsində göstərdikləri şücaətə görə ölümündən sonra təltif olunması həmişə cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Şəhidlərə göstərilən ehtiramla yanaşı, onlardan bizə əmanət qalan ailələri bir an unudulmayıb, diqqətdən kənarda qalmayıb. Demək olar ki, hər dəfə Şəhid ailələrinin evlə, mənzillə, avtomobillə, iş yerləri ilə təmin olunması xəbərini oxuyuruq. 

Şəhid ailələrinə edilən imtiyaz və xidmətlər gələcəkdə də hər bir dövlət qurumunun fəaliyyətində əsas istiqamətlərdən olacaq. Çünki yaşadığımız qələbə qürurunun haqqını Şəhidlər qanları ilə ödəyiblər. Hələ ki, bizi Vətən Müharibəsindən bir il zaman ayırır. İllər keçdikcə Şəhidlərə göstərilən ehtiram nəinki azalacaq, əksinə onların hər biri haqqında təfərrüatı ilə məlumatlar toplanacaq, kitablar yazılacaq, dərsliklərə salınacaq, hər birinin yaşadığı ərazidə xatirələri əbədiləşdiriləcək, peşə sahələrinə uyğun xatirələrinə müsabiqə yazıları, idman yarışları təşkil olunacaq.

 Ümumiyyətlə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə başa çatan 44 günlük Vətən Müharibəsində gənclərimizin xidməti böyük olub. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması müharibə müddətini tariximizə qızıl hərflərlə yazdı.  Bu müharibədə misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşdıqlarını sübut etdilər.

Gənclərimiz həm ordu sıralarında, həm informasiya məkanında, həm də ictimai-siyasi həyatda düşmənlə, ölkəmizin uğurlarını qəbul etməyən qüvvələrlə şücaətlə, qətiyyətlə və yüksək istedadla mübarizə apardılar. Vətən müharibəsi göstərdi ki, gənclərimiz Vətəninə bağlıdır, ölkəsini sevir, onlarda vətənpərvərlik ruhu yüksəkdir, ən çətin məqamlarda dövlətinin, ölkəsinin keşiyində dayanmaqda tərəddüd etmirlər.

İnformasiya müharibəsindən söz düşmüşkən Vətən Müharibəsi dövründə yaşından asılı olmayaraq hər bir vətəndaşımız sosial şəbəkələrdə müxtəlif dillərdə aparılan disskusiyalarda fəal iştirak edir, hər biri yazılan böhtanlara, edilən saxtakarlıqlara etirazlarını bildirirdilər.

Gələcəkdə də şəhidlərin anılması, qələbənin xatırlanması bir informasiya müharibəsidir. Çünki dövlətin şəhidlərimizə, şəhid ailələrinə münasibəti, göstərdiyi ehtiramı, xidməti informasiya təəssübkeşlərimiz dünyanın dörd bir yanına çatdırır. Bizim gələcək informasiya müharibəmizin də bir xətti məhz anım günüdü.

Erməni işğalçılarına qarşı müharibədə ölkəmiz 2900-dən artıq şəhid verdi, yüzlərlə vətəndaşımız qazimiz oldu. Şəhid, qazi olan insanlarımızın, eyni zamanda müharibə iştirakçılarının böyük hissəsini gənclər təşkil edirdi. Onların mütləq əksəriyyəti II Qarabağ savaşında güclü iradə və böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın yadellilərdən təmizlənməsinə müvəffəq oldular. Onlar müstəqillik dövrünün qəhrəman gəncləri idi.

Müstəqillik dövrünün qəhrəman gəncləri

Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə alan bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

 II Qarabağ müharibəsi Azərbaycan gənclərinin yüksək insani, mədəni keyfiyyətlərini də üzə çıxardı. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində yüksək peşəkarlıq nümayiş etdirdilər. Döyüşən əsgər Ali Baş Komandanın tapşırıqlarını icra etməkdə çətinlik çəkmədi, yüksək peşəkarlıq göstərdi.  Prezident İlham Əliyevin çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.

Dövlətin uğurlu gənclər siyasəti öz səmərəsini verdi

Gənclərin 44 günlük müharibə dövründə ön və arxa cəbhədə fəallıq nümayiş etdirməsi təsadüfi deyildi. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənclərimizin belə faəllığında, hazırlıqlı gənc nəslin formalaşmasında dövlətimizin uzun illər apardığı ardıcıl işlərin, tərbiyəvi tədbirlərin böyük rolu var. Dövlətin gənclər siyasətinin nəticəsiydi ki, Azərbaycan gəncləri torpaqlarımızın işğal altında qaldığı 28 il ərzində siyasi, ictimai, hərbi hazırlıq istiqamətində böyük inkişaf dövrünü keçiblər, onlar cəmiyyətimizin fəal üzvlərinə çevriliblər.

Zəfərin əldə edilməsində gənclərin rolu

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə gənclərimiz görülməmiş qəhrəmanlıq dastanı yazdılar. Müqəddəs mübarizədə canlarını qurban vermiş şəhidlərimizin işıqlı xatirəsi hər birimizin qəlbində yaşayacaq. Azərbaycan xalqı bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur.

Xalqımız hər zaman 27 Sentyabr – Anım gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

Əminliklə qeyd etmək olar ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanın inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.

Bundan sonra da gənclərin üzərinə böyük məsuliyyət düşür. Qələbədən sonra Azərbaycanın müasir tarixində yeni səhifə açılıb. Qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Bu vəzifələrin həyata keçirilməsində gənclər xüsusi diqqət mərkəzində olacaq. Onlar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətlərini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bununla gənclər ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsinə fayda vermiş olacaqlar.

Gənclik ölkənin gələcəyidir və dövlətin strateji olaraq möhkəmlənməsi, eləcə də əbədi olmasının qarantıdır. Buna görə də ölkəmizdə düzgün istiqamətlənmiş gənclər siyasəti həyata keçirilir. Bu gənclər siyasətinin məqsədi milli-mənəvi dəyərlərə uyğun gənc nəsilin tərbiyə edilməsi və sağlam gənc nəsilin formalaşdırılmasından ibarətdir.

Hazırda Qarabağda yenidənqurma işləri gedir.  Ağıllı kəndlərin salınması, çox qısa vaxtda həyata keçirilmiş quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə yol çəkilişləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması işğaldan azad olunmuş ərazilərin tezliklə cənab Prezidentin söylədiyi kimi, cənnət-məkana çevriləcəyindən xəbər verir.  

Biz o quruculuq işlərinə baxanda da daim şəhidlərimizi anırıq, ehtiramla xatirlərini yad edirik. Şəhidlərin qanı, canı bahasına qovuşduğumuz o müqəddəs ərazilərdə həyat normala düşəndə də hər birimiz şəhidlərimizi unutmayacaq, hər addımımızda onları anacağıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.