YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib və ağacəkmə aksiyası keçirilib

Sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Anım Günü münasibəti ilə paytaxtın Xətai rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimovun adını daşıyan parkda mərasim təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən mübaribəsi şəhidlərinin  döyüş yoldaşları, ailə üzvləri, müəllimləri, yaxınları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev   ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib:”2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.”

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər:”Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və Qələbəmizi təmin edən  Ali Baş Komandanımız cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.”

V.Rəhimzadə qeyd edib ki, dövlətimiz şəhidlərimizin ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərir: “Şəhidlərimizin xatirəsi hər zaman yad edilir, silsilə tədbirlər keçirilərək döyüş yolları gələcək nəsillər üçün vətənpərvərlik məktəbi kimi təbliğ olunur. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində mühüm addmlar atılır. Şəhidlərimizin  xatirəsini  əziz tutmaq   hər birimizin vətəndaşlıq borcudur.”

Daha sonra tədbirdə şəhidlərin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yollarından söz açıb, belə tədbirlərin keçirilməsinin gənclərimizin milli ruhda tərbiyəsində əhəmiyyətini xüsusi qeyd ediblər. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan  hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Sonra tədbir iştirakçıları Xətai rayonunun Polad Həşimov küçəsində yerləşən 221 nömrəli tam orta məktəbə gələrək burada 27 Sentyabr-Vətən Müharibəsi Şəhidlərinin Anım Günü  ilə əlaqədar keçirilən ağacəkmə aksiyasına qatılıblar.

Qeyd edək ki, ağacəkmə kampaniyasında Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, eyni zamanda, bir qrup partiya fəalları, şəhidləri valideynləri, ailə üzvləri, müəllimlər, şagirdlər, KİV-in nümayəndələri və digər qonaqlar iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv