Xəbərlər
Lerikdə 27 sentyabr Anım Günü tədbiri keçirilib
27 Sentyabr – Anım Gününün keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq YAP Lerik Rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin, Milli Məclisinin deputatı İqbal Məmmədovun, YAP fəallarının, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, ziyalıların, ağsaqqalların, Vətən müharibəsi iştirakçılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimləri keçirilib.
İlk öncə “Şəhidlər” abidə kompleksi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun büstü və onun xatirəsinə inşa edilmiş park, şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksi, Cəngəmiran kəndində yerləşən şəhidlər abidə kompleksi və şəhidlərin məzarları ziyarət edilib.
Daha sonra Çayrud kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Çayrud kəndində yeni inşa edilmiş “Şəhidlər Abidə Kompleksi”nin qarşısında əklil və gül-çiçək dəstələri qoyulub.
Mərasimdə YAP Lerik Rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdılar. Bildirildi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir. Hamımızın borcudur ki, şəhidlərimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.
Açılış mərasimində çıxış edənlər ötən il torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər.