YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması, vaxtilə işğala məruz qalmış torpaqların azad olunması məsələsində həmişə prinsipial mövqedən çıxış edib

“Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı İkinci Qarabağ müharibəsi, Ermənistanın hərbi cinayətləri və işğal siyasətinin ağır nəticələri barədə ətraflı şəkildə fikirlərini bildirdi, beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunduğunu qürur hissi ilə qeyd etdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki,  Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması, vaxtilə işğala məruz qalmış torpaqların azad olunması məsələsində həmişə prinsipial mövqedən çıxış edib. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri  isə Ermənistanı sülhə məcbur etmək üçün əməli addımlar atmadılar. Dövlətimizin başçısının dediyi kimi, Ermənistanın məqsədi status-kvonu qorumaq və işğalı möhkəmləndiməkdən ibarət idi. Bütün bunlara görə işğalçı ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmadı.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn qüvvələr də əvvəlki rejimin işğalçı mövqeyində qaldı. Bunu N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətləri də sübut etdi. Həmçinin, Ermənistanın keçmiş müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələmişdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində nümayişkəranə şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirirdi. Hansı ki, bu, beynəlxalq cinayət hesab olunur. Eləcə də, Ermənistanın  ötən ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatları bu ölkənin sülhə gəlmək niyyətində olmadığını təsdiqlədi. Sentyabrın 27-də isə erməni tərəfi növbəti hərbi təxribat törədərkən ordumuz tərəfindən əks-hücum əməliyyatı başlandı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur olaraq Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz təhvil verdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum  qətnamələrini özü yerinə yetirdi. Cənab Prezidentin dediyi kimi bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan indiyə qədər dünyada ilk belə haldır. Ona görə də, BMT TŞ-nın qərarlarının icrası mexanizminin təkmilləşdirilməsi zərurətdir.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdiyini, Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığı Prezident İlham Əliyev tərəfindən BMT müstəvisində bəyan olundu: “Ona görə də, beynəlxalq birlik Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı yanlış, təxribatçı  mövqelərinə əhəmiyyət verməməlidir. Cənab Prezident qətiyyətlə bəyan etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur və BMT-yə üzv dövlətlər və BMT Katibliyi ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməlidir. Beləliklə, öz ərazilərini işğaldan azad edən Azərbaycan regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqlarla hesablaşmalıdır. Müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti regional əməkdaşlıq barədə önəmli təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin reallaşması region ölkələri arasında əlaqələrin güclənməsinə, bütövlükdə bölgənin inkişafına xidmət edəcək”.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı sessiyada COVİD-19 pandemiyası ilə mübarizə haqqında da dəyərli fikirlərini bildirib: “Məlumdur ki, vaksinləşmə məsələsində müəyyən narahatlıqlar var. Bir çox ölkələr bu baxımdan əziyyət çəkir. Ona görə də, cənab Prezidentin dediyi kimi  cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır. COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada dövlətimizin başçısı pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Fikrimcə, cənab Prezidentin bu təklifi də beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəstəklənəcək”.