Xəbərlər
Elman Nəsirov: Ermənistan tərəfi çalışır ki, ya özünün sülhpərvər obrazını formalaşdırsın, ya da vaxt qazanaraq çirkin oyunlarını həyata keçirsin

“Avqustun 11-də baş vermiş üç hadisə regionda çox qəliz, mürəkkəb proseslərin getdiyindən xəbər verir və bir sıra nəticələr çıxarmaq üçün əsaslar yaradır. Bu, ilk növbədə onunla bağlıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərt Bəyanat qəbul etdi. Bu Bəyanatda 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin 4-cü bəndinin yerinə yetirilməməsindən narahatlığını ifadə etdi. Həmin bəndə görə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri Qarabağ ərazisini tərk etməli idi. Bəyanatda da qeyd edildiyi kimi, bu, nəinki baş vermir, eyni zamanda, təkzibedilməz faktlar var ki, Ermənistan üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə yerləşdirir. Daha dəqiq desək, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında postlar qurulur. Eyni zamanda, Laçın və Zəngilan rayonlarının şərq hissəsində belə erməni postları qurulmaqdadır. Bu isə daban-dabana 10 noyabr sənədi ilə ziddiyət təşkil edir. Rusiya sülhməramlıları buna görə çox böyük məsuliyyət daşıyırlar. Eyni zamanda, Müdafiə Nazirliyinin sərt bəyanatında o da vurğulanır ki, baş vermiş hadisələrə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.”
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Millət vəkili qeyd edib ki, elə həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də İrana nota verdi: “İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu və ona bildirildi ki, Azərbaycan tərəfində təkzibedilməz faktlar mövcuddur ki, İran ərazisindən yük avtomobilləri ilə Qarabağa təyinatı məlum olmayan yüklər daşınır və bu, Azərbaycanın icazəsi olmadan baş verir. Burada İranın Ermənistana dəstəyi ifadəsini tapır ki, bu da qəbuledilməzdir. Bu, heç bir halda Azərbaycanla İran arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinə uyğun gəlmir, ona xələl gətirir, kolgə salır. Təqdim olunan notada İranı belə hərəkətlərdən çəkinməyə çağırış öz əksini tapmışdır.”
“Prezident İlham Əliyev bu məsələlərlə bağlı son çıxışlarının birində qeyd etmişdir ki, üçüncü ölkələrin ərazisindən Qarabağa ermənilərə dəstək üçün yuk avtomobillərinin getməsi, yuklərin daşınması ilə bağlı dəqiq məlumatlar vardır” söyləyən E.Nəsirov onu da vurğulayıb ki, bir çox hallarda, hətta, həmin yük avtomobillərinin nömrələri erməni nömrələri ilə dəyişdirilir ki, iz itirilsin: “Amma əlimizdə çox dəqiq faktlar, sübutlar, arqumentlər var. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan-İran münasibətlərinə xələl gətirir və onun perspektivlərinə ziyan vurur.”
Millət vəkili avqustun 11-də baş verən üçüncü hadisəni- Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanı qəbul etməsini və həmin görüşdə Ermənistan ordusunun modernləşdirilməsinə Rusiyanın ciddi dəstək verəcəyini ifadə etməsini diqqətə çatdırıb: “Eyni zamanda, S.Şoyqu Ermənistanı Rusiyanın əsas strateji hərbi müttəfiqi adlandırır. Bu da təbii ki, Ermənistanda revaşizm duyğularını gücləndirən haldır. Nəticədə 10 noyabr və 11 yanvar sənədlərinin işlənməsi üçün çox ciddi əngəllər yaradılır. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu məsələlərlə bağlı Azərbaycanın iki mühüm dövlət qurumu-Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi açıq şəkildə öz sərt mövqeyini ifadə edib.”
E.Nəsirov qeyd edib ki, bu reallıqlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışmağa hazır olduğunu, ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini bildirib: “Bu da Ermənistanın növbəti təxribatçı davranışıdır. ATƏT-in Minsk qrupu ömrünü başa vurub. Onlar münaqişənin həllinə heç bir koməklik etmədilər. Nəinki koməklik etmədilər, hətta, işğalçının yanında yer aldılar. 44 günlük İkinci Qarabağ müharibəsi bütün həqiqətləri çılpaqlığı ilə üzə çıxartdı. Belə olan vəziyyətdə ATƏT-in Minsk qrupundan hansı təklifi gözləyirik? Onlar Qarabağın statusu ilə bağlı yeni təklif icad edəcəklərmi? Status məsələsi artıq öz həllni tapıb. Ali Baş Komandanımız söylədi ki, status yoxdu, olmayacaq da.”
Millət vəkili iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalandığını, Qarabağ iqtisadi rayonunun yaradılmasını da xüsusi qeyd edib: “Bütün bunlardan sonra ATƏT-in Minsk qrupu hansı təklifi ortaya qoya bilər? Deməli, Ermənistan tərəfi çalışır ki, ya özünün sülhpərvər obrazını formalaşdırsın, ya da vaxt qazanaraq çirkin oyunlarını həyata keçirsin. Yenidən silahlanma baş versin, revanşizm duyğuları gücləndirilsin, bununla da regionda yeni gərginlik ocaqları yaratsınlar. Bunların heç biri bizim üçün qəbul edilən şərtlər deyil. Şərti Azərbaycan diktə edir. Qalib olan Azərbaycandır, Ali Baş Komandandır, Azərbaycan Ordusudur və Azərbaycan xalqıdır. Şərtləri biz diktə edirik. Qarşı tərəf papağını qarşısına qoyub düşünsün, əgər o papağı varsa.”