YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Bəşəriyyətin COVID-19-dan yeganə xilas yolu total vaksinasiyadan keçir

İnsan bütün ömrünü karantin rejimində, yəni, təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Bu, nə fiziki, nə mənəvi, nə də iqtisadi cəhətdən mümkün olan bir şey deyil. Lakin son iki ildə bütün bəşəriyyəti təhdid edən COVID-19 pandemiyası bu günə qədər hələ də dövlətləri, ölkələri karantin rejimindən tam çıxmağa qoymur. Əgər hər hansı bir ölkədə və ya regionda yoluxma sayında azalma müşahidə olunması səbəbilə müəyyən yumşalmalara gedilirsə, bundan dərhal sonra virusun növbəti yayılma dalğası yaranır. Bu gün oxşar vəziyyəti biz ölkəmizdə də müşahidə edirik. Bir müddət bundan əvvəl yoluxma halları kəskin azalaraq artıq hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu. Dünənki məlumata görə isə yoluxma sayı 1700-dən çoxdur. Bu artıq pandemiyanın 4-cü dalğasının təzahürüdür. ÜST rəsmiləri isə xəbərdarlıq edirlər ki, əgər zəruri tədbirlər görülməsə, sentyabrdan başlayaraq koronavurisa yoluxma halları daha da arta bilər.

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, əslində, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. Pandemiyanın tamamilə aradan qaldırılması isə yalnız kütləvi peyvənd olunma yolu ilə baş tuta bilər. “Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha səmərəli nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölklər də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirib. Lakin bu günümüzün reallığı ondan ibarətdir ki, bəşəriyyətin COVID-19 virusundan yeganə xilas yolu yalnız və yalnız total vaksinasiyadan keçir. Məlumdur ki, Azərbaycan Cənubi Qafqaz regionunda əhalinin vaksinasiyasına start verən ilk ölkə olub. Dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib və bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır”, - deyə deputat qeyd edib.

İnsanların peyvənd məsələsinə son dərəcə məsuliyyətlə, ciddi yanaşmalı olduqlarını vurğulayan Aqiyə Naxçıvanlı deyib: “Bu, danılmaz faktdır ki, vaksin vurulması həm insanın özünü, həm də ətrafındakıları yoluxucu xəstəliklərdən qorumaq üçün ən yaxşı, bəzi hallarda isə yeganə üsuldur. O cümlədən bu gün dünyanı təhdid edən COVID-19 virusu ona yoluxmuş insanı bir və ya iki həftə xəstə etməklə, həmin xəstənin qohumları, uşaqları və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Hətta gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Halbuki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan ən təhlükəsiz vasitədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər isə immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir”.

Deputat bir daha bütün xalqımızı vaksinasiya prosesində son dərəcə fəal və məsuliyyətli olmağa çağırıb. Qeyd edib ki, çünki bu, cəmiyyətimizin normal həyata dönə bilməsi üçün yeganə yoldur.

 

DİGƏR Xəbərlər Arxiv