Xəbərlər
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
Bu, müəyyən antimilli, Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır
“Milli Məclisin buraxılacağı, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır, qərəzlidir və müəyyən siyasi dairələrin məqsədinə xidmət edir. Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Bugünkü reallıqlar ondan ibarətdir ki, sözügedən proseslərin baş verməsi üçün ölkədə heç bir amil, əsaslar yoxdur. Çünki ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi biz yeni tarixi dövrə daxil olmuşuq. Tarixi Qələbəyə imza atmışıq və yeni tarixi dövrdə qarşımızda yeni hədəflər mövcuddur. Bunlar ilk növbədə Qarabağın bərpası və yenidən qurulması, həmin ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlıdır. Ermənistanla sülh müqaviləsinin bağlanması da vacib məsələlərdən biridir.”
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, bütün bu reallıqlar fonunda növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsinə ehtiyac varmı? Buna o halda ehtiyac olardı ki, parlament öz üzərinə düşdüyü funksiyanı yerinə yetirə bilməsin: “Halbuki VI çağırış Milli Məclisin fəaliyyəti kifayət qədər uğurlu olub. Parlament qanun yaradıcılığı, deputatların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, mətbuata açıq olmaları, seçicilərlə müntəzəm görüşləri və onların problemlərinin həlli istiqamətində atılan addımlar nöqteyi-nəzərindən kifayət qədər uğurlu fəaliyyət göstərib. Həmçinin Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarova sözün həqiqi mənasında parlamentə xanım kübarlığı gətirib. Bütün məsələlər operativ şəkildə açıq müzakirə olunur. İclaslar başlayarkən 30-45 dəqiqə ərzində cari məsələlər müzakirə edilir, hər kəs öz istədiyi fikri açıq şəkildə ifadə edir.”
Millət vəkili parlamentin beynəlxalq əlaqələrinə də diqqəti yönəldərək bildirib ki, bu sahədə də Milli Məclisin əlaqələri kifayət qədər güclüdür: “Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Türkiyəyə, Pakistana, Rusiyaya, Macarıstana olan yüksək səviyyəli səfərlər və əldə olunan nəticələr, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi, bütün bunlar göstərir ki, parlamentimiz diplomatik cəhətdən də çox uğurlu fəaliyyət göstərir. Bu reallıqları, həmçinin parlamentdə çoxpartiyalı təmsilçiliyi nəzərə aldıqda qeyd edə bilərik ki, Milli Məclisin ilyarımlıq fəaliyyəti səmərəli olub. Parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur. Bu, müəyyən antimilli, Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır.”