Partiya xəbərləri
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin III konfransı keçirilib
Fevralın 24-də YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin III konfransı keçirilib.
Konfransda birliyin sədri Fərid Dünyamalıyev hesabat məruzəsi ilə çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirən dövlət gənclər siyasətindən və bu siyasətin uğurlu bəhrələrindən, gənclərin ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında göstərdikləri fəallıqdan danışıb.
Qeyd edilib ki, YAP Gəncə şəhər təşkilatının gənclər birliyi 1996-cı il oktyabr ayında təsis olunub. Bu gün şəhər təşkilatının 32 min 200 üzvündən 18 min 136 nəfərini gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 4530 nəfər gənc qəbul olunub. 157 ərazi partiya təşkilatında gənclər birliyinin özək təşkilatları yaradılıb. Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanırlar. Fəaliyyət dövrü ərzində 16 təlim, 8 aksiya, 21 layihə, 25 kütləvi tədbir, 20 görüş keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Gəncədə gənclərlə keçirdiyi görüşlər, eləcə də şəhərin Heydər Əliyev park-kompleksində 54 min ağacın əkilməsi unudulmaz hadisəyə çevrilib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və başqaları çıxış edərək, son illər respublikamızın daha da inkişafı naminə gənclərin göstərdikləri fəallıqdan danışıb, onların iştirakı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Konfransda təşkilati məsələyə baxılıb, YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin yeni sədri və müavinləri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.