Xəbərlər
Sədaqət Vəliyeva: Ələt Azad İqtisadi Zonası rəqabətqabiliyyətli məhsulları dünya bazarına çıxarma imkanı yaradan layihədir
“Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Bu mənada, Ələt Azad İqtisadi Zonası ixracyönümlü istehsalın artmasına töhfə verəcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində çox vacib layihələr icra olunub: “Müharibəyə və pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.
“Ələt Azad İqtisadi Zonasının yaradılması yeni investisiyaların cəlb edilməsinə, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına şərait yaradacaq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu zonanın yaradılması Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək: “Ələt Azad İqtisadi Zonası rəqabətqabiliyyətli məhsulları dünya bazarına çıxarma imkanı yaradan layihədir. Yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyəti üçün təhlükəsizlik mühiti, kadr potensialı, hüquqi baza da var. Həmçinin, layihənin qısa zamanda reallaşdırılması üçün siyasi iradə də mövcuddur. Bu mənada, Ələt Azad İqtisadi Zonası investorları ən qısa zamanda qəbul etməyə hazır olacaq”.