Xəbərlər
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının XII hesabat konfransı keçirilib
İyulun 2-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur, bu müddət ərzində partiyaya qəbul, təsdiq olunmuş iş planına əsasən tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında fəal iştirak istiqamətində uğurlu nəticələr əldə edib: “YAP Xəzər rayon təşkilatının 81 ilk partiya təşkilatında 6934 partiya üzvü fəaliyyət göstərir. Hesabat dövrü ərzində 696 nəfər partiya sıralarına qəbul olunub. Onlardan 485-i qadın, 363-i isə gənclərdir. Ümumilikdə, 6934 nəfər təşkilat üzvünün 59,1 faizini qadınlar, 36,4 faizini gənclər təşkil edir”.
Diqqəti tarixi Zəfərimizə yönəldən N.Əhmədov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız Qələbə hər birimizdə böyük qürur hissi yaratmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərində fəal iştiraka səsləyir. YAP Xəzər rayon təşkilatı hər zaman olduğu kimi, bu gün də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib gələcəyə böyük addımlarla irəliləyir.
Sonra Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Həzərxan Əbilovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Xəzər rayon təşkilatı sədrinin müavini, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatı ilk partiya təşkilatı sədrləri Zeynəb Əliyeva, Mehriban Nadirova və Nəzrin Məmmədova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb: “Gələcəyə doğru inamla irəliləyən YAP cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə qələbə qazanması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə, partiyanın gələcəyinə böyük inama əsaslanır”.
Ə.Tağıyev YAP Xəzər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Xəzər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.