Xəbərlər
Malik Həsənov: Prezident İlham Əliyevin qüdrətli ordumuza inamı Vətən müharibəsində tarixi Zəfərimizlə təsdiqləndi
“Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ordumuzun beynəlxalq standartlara uyğun formalaşdırılması, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi, ən əsası tariximizə Zəfər Gününü yazması dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 103 illik yol Ordumuzun dünəninin, bu gününün və sabahının təqdimatıdır. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görərək bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır. Milli kadrlar hesabına möhkəmlənən Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti bu hərbi liseyin yetirmələridir. 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günündə təşkil olunan hərbi paradlarda Azərbaycan əsgərləri döyüşə hazır olduqlarını daim nümayiş etdirərək üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük əminlik ifadə edirdilər. 1993-cü ildə ulu öndə Heydər Əliyevin hakimiyyətə qayıdışından sönra başlanan inkişaf, tərəqqi yolu, ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edən siyasəti və bu xəttin son 18 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi belə bir əminliyə əsas verməklə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi də şərtləndirdi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkmil islahatların həyata keçirilməsi, inkişafın Azərbaycan modelinin dünyaya təqdim edilməsi, bütün sahələrdə ölkəmizin təcrübəsinin nümunə göstərilməsi, iqtisadi tərəqqinin və artan maliyyə imkanlarımızın müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə geniş imkanlar yaratması Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu: “Azərbaycanın dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri birinci yerdə dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq hərbi büdcəmiz Ermənistanın ümumilikdə dövlət büdcəsindən dəfələrlə çoxdur. Ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycanın hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Müdafiə sərgilərində, təlimlərdə fəal iştirak edən Azərbaycan Ordusu gücü, qüdrəti ilə dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2016-cı il Aprel döyüşləri və torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin vətənpərvərliyini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirən tarixi hadisə oldu.”
Millət vəkili qeyd edib ki, Vətən müharibəsində Qələbəni şərtləndirən amillər iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin, bütün resursları vahid amal uğrunda səfərbər edən cənab İlham Əliyev kimi Liderdir: “Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı. 44 günlük müharibənin hər bir günü zəfər günü oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordumuza inamı Vətən müharibəsində bir daha təsdiqləndi. Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər.”
“Törpaqlarımız şəhidlərimizin qanı, canı bahasına geri alınıb. Şəhidlərimizin döyüş yolu, qəhrəmanlıqları hər bir Azərbaycan gənci üçün məktəbdir. Zəfərimiz vaxtilə itirilmiş qürurumuzu özünə qaytardı. Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımılara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyinin təsdiqi oldu. Bu qələbə, ordumuzun zəfər sevinci xalqımızın müzəffər Sərkərdə İlham Əliyevin ətrafında «dəmir yumruq» kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyevin «Qarabağ Azərbaycandır!» sözlərini döyüş meydanında gerçəkləşdirən rəşadətli ordumuz gücünü dünyaya bəyan etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü Zəfər sevinci ilə qeyd edirik”, - deyə Malik Həsənov bildirib.