YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq

AŞPA-da nümayəndə heyəti kimi ölkəmizi yeni bir tərzdə təmsil edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun sayəsində ərazi bütövlüyünü tamamilə bərpa etmiş, sərhədlərinin toxunulmazlığını sübut etmiş ölkənin nümayəndələri kimi sessiyada iştirak edəcəyik.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bütün üzvləri Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edirlər. Sessiya hibrid formatda keçirildiyi üçün bəzi deputatlar tədbirə virtual formatda qatılıblar.

“Sessiyada müxtəlif məsələlərə baxılacaq. Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracağıq. Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Qeyd edilib ki, sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq.

“Qarabağda yenidənqurma işləri başlayıb, infrastruktur yenidən qurulur, yollar çəkilir, eləcə də ölkəmizə gələn rəsmi şəxslərin bu regiona səfəri təşkil olunur. Bütün bunlar Azərbaycanın sülh, əmin-amanlıq iradəsini əks etdirir. Qarabağda görülən işlər bu iradənin əyani sübutudur. Ermənistan bunu nə qədər tez anlasa, onun özü üçün elə bir o qədər də yaxşı olar. Son parlament seçkilərindən sonra Ermənistanda yeni hökumət formalaşmalıdır. Əgər bu yeni hökumət formalaşsa, reallığı başa düşə və qəbul edə bilsə, onun üçün yaxşı olacaq. Əks təqdirdə, ümumiyyətlə, Ermənistanın siyasi xəritədən silinməsi təhlükəsi meydana gələ bilər”, - deyə S.Seyidov vurğulayıb.

O bildirib ki, iclaslarda, həmçinin Avropanı, eləcə də Azərbaycanı maraqlandıran məsələlərə toxunulacaq. Belə məsələlərdən biri də bu gün dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyası və ona qarşı mübarizədir. Azərbaycan bu istiqamətdə böyük bir yol keçib, nailiyyətlər əldə edib. Ölkəmizin bu sahədə təcrübəsi nümunəvidir. Bu təcrübə Avropa ilə bölüşülməli və öyrənilməlidir. Peyvəndləmə kampaniyasında üzləşilən problemlərin həlli istiqamətində nümayəndə heyətimizin üzvləri fikirlərini və ölkəmizin təcrübəsini bölüşəcəklər.

Media və azadlıq, Avropa Şurasının dəyərləri, Avropada separatizm məsələləri, qeyri-hökumət təşkilatlarının (QHT) əsl QHT-lər kimi işləməsi, alətə çevrilməməsi, təzyiq vasitəsi yox, normal QHT kimi fəaliyyət göstərməsi məsələləri də gündəmdə olacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri bu məsələlər ətrafında çıxış edərək mövqelərini bildirəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv