Xəbərlər
Ceyhun Bayramov: Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər möhkəm təməllər üzərində qurulub
Azərbaycan və qazax xalqları eyni kökə, mədəniyyətə, dilə, dinə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Azərbaycan ilə Qazaxıstan arasında dinamik inkişaf edən münasibətlər möhkəm təməllər üzərində qurulub. İnanırıq ki, Qazaxıstan Baş nazirinin müavininin səfəri ölkələrimiz arasında əməkdaşlığa mühüm töhfə verəcək.
Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında söyləyib.
Görüş zamanı ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin də müzakirə olunduğunu bildirən nazir deyib ki, məqsəd pandemiyadan əvvəl mövcud olan vəziyyəti bərpa etməkdir.
“Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparıldı. Hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Eyni zamanda, ölkələrimizin iştirakı ilə mühüm layihələrdə iştirak məsələləri müzakirə olundu. İki ölkə arasında münasibətlərdə Xəzər mövzusu gündəliyin vacib elementidir”, - deyən Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan və Qazaxıstan BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq platformalarda əlaqələrini inkişaf etdirir. Qazaxıstanın iqtisadi fəallığını dəstəkləyən ölkələrdən biri də Azərbaycandır.
Postmüharibə dövründə bölgədə yeni reallıqların yarandığını bildirən C.Bayramov vurğulayıb ki, hazırda mina təhlükəsi Azərbaycan üçün narahatedici məsələlərdən biridir. Ermənistan tərəfindən mina xəritələrinin verilməsi ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirilir. Bu isə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə maneə yaradır.
Yeni kommunikasiya xətlərinin açılması ilə bağlı ləngimənin olduğunu deyən nazir qeyd edib ki, Ermənistanda yaşanan siyasi böhran buna mənfi təsir göstərir. Ümid edirik ki, növbədənkənar seçkilərdən sonra seçilmiş yeni rəhbərlik ədalətli və düzgün mövqe nümayiş etdirəcək. Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.