Xəbərlər
Mariya Zaxarova: Rusiya ümid edir ki, minalanmış ərazilər haqqında informasiya mübadiləsi prosesi sürətləndiriləcək
Rusiya ümid edir ki, Azərbaycan ilə Ermənistan arasında minalanmış ərazilər haqqında informasiya mübadiləsi prosesi sürətləndiriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə xüsusilə iyunun 4-də Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olmasından sonra Ermənistan tərəfinin minalanmış ərazilərinin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi məsələsini şərh edərkən deyib.
“Qeyd etmək istərdim ki, Rusiya tərəfi bu faciəyə ilk reaksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə başsağlığı verilib. Biz yaralananların hamısının tezliklə sağalmasını arzu edirik”, - deyə diplomat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir: “Rusiya da Dağlıq Qarabağda və ona bitişik rayonlarda münaqişədən sonra minaların təmizlənməsi prosesinə mühüm, əhəmiyyətli töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın Sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq 2 min bina və 650 kilometrlik yol yoxlanılıb. Analoji tədbirlər Rusiya FHN-in xətti ilə keçirilir. Bu il yanvarın 4-dən etibarən rusiyalı mütəxəssislər Azərbaycan tərəfi ilə razılaşdırılaraq, yarım min hektardan artıq ərazini yoxlayıblar və Ağdam rayonu ərazisində 18 minə yaxın partlayıcı əşyanı zərərsizləşdirib, həmçinin Azərbaycan FHN-in istehkamçılarının hazırlığını həyata keçiriblər”.
Diplomatın sözlərinə görə, Bakı və Yerevanla müntəzəm, o cümlədən yüksək səviyyədə təmaslar zamanı Moskva bu məsələnin mayın ilk ongünlüyündə Rusiya xarici işlər nazirinin Yerevana və Bakıya səfərləri zamanı müzakirə edildiyini xatırladaraq, minalanmış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaqla, minalardan təmizlənmə məsələlərinin qurulmasına çağırır. “Biz ümid edirik ki, bu proses sürətləndiriləcək”, - deyə M.Zaxarova əlavə edib.
O qeyd edib ki, Moskva humanitar ölçüyə malik olan bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də verilən bəyanatlarına ciddi şəkildə uyğun həll olunması, bunun maksimum operativ və heç bir ilkin şərt irəli sürülmədən həyata keçirilməsi üçün ardıcıl çıxış edir.