YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Benilüks Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edib

Benilüks Azərbaycanlıları Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 üzvünə ünvanlanmış bəyannamə qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyannamədə dünya ictimaiyyətinin, xüsusilə Avropa ölkələri parlamentlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğın ən ağır cinayətlərdən biridir. Bir gecədə şəhərin əksəriyyəti yaşlı, uşaq və qadın olan 613 dinc sakininin vəhşiliklə qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciəsidir.
Benilüks Azərbaycanlıları Konqresi dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların ədalət məhkəməsinə çağırılmasını tələb edir.
Bəyannamə müəllifləri, həmçinin beynəlxalq təşkilatları və Avropa parlamentarilərini öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün doğma torpaqlarına təhlükəsiz qayıtmasını təmin etməyə çağırırlar.
Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının sədrlərinə, Birləşmiş Millətlər Təşkilatı, “Amnesty International”, “Human Rights Watch” təşkilatlarına, Niderland, Belçika və Lüksemburq parlamentlərinə göndərilib.
Qeyd edək ki, Belçika, Niderland və Lüksemburqdakı 15-ə yaxın Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərinin Avropada yayılması, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətinin məlumatlandırılması və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparılması istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib.