YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib

UNESCO üzv dövlətlərdən birinin digər dövlətin mədəni sərvətlərini qəsdən məhv etməsinə və qanunsuz dövriyyəsinə yönəlmiş sistemli siyasətinə dözməməli və beynəlxalq norma, prinsip və dəyərləri qorumaq üçün prinsipial və ardıcıl yanaşma göstərməlidir.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi Şuşadan qeyri-qanuni çıxarılmış Azərbaycan xalçaları və onların Ermənistanın paytaxtında milli muzey institutunda sərgilənməsinə dair Mədəniyyət Nazirliyinin bəyanatını aidiyyəti üzrə təqdim edib və Ermənistanın qeyri-qanuni fəaliyyətinə münasibət bildirərək quruma çağırış edib.

Bildirilib ki, Ermənistan hakimiyyət orqanları 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində gizli qazıntılar aparmış, mədəni sərvətləri talan etmiş və onların qeyri-qanuni dövriyyəsini təşkil etmişdir. Təxribatçı xislətindən əl çəkməyən Ermənistan bu gün də qanunsuz fəaliyyətlərini təşviq etməkdə davam edir. Ermənistanın beynəlxalq hüquqi sənədlərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirməsindən ciddi narahatlıq ifadə olunub. Qeyd edilib ki, erməni hakimiyyət orqanları qanunsuz fəaliyyətləri qadağan etmək və onların qarşısını almaq əvəzinə, media və sosial şəbəkələr vasitəsilə belə fəaliyyətləri birbaşa nümayiş etdirir və ictimai rəyə təsir etməklə özünü qurban kimi qələmə verməyə çalışır.

Vurğulanıb ki, Ermənistanın ölkəmizin işğal altında olmuş ərazilərində Azərbaycan mədəni irsini talan etməsi kimi qanunsuz fəaliyyətləri 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolunun maddələrinə ziddir və onların kobud şəkildə pozulmasıdır.

Daimi nümayəndəlik Haaqa Konvensiyası və onun İkinci Protokolunun maddələrinin tələblərini müfəssəl şəkildə xatırladaraq, UNESCO-nu üzv dövlətlərdən birinin digər ölkənin mədəni sərvətlərinin qəsdən məhv edilməsinə və qanunsuz dövriyyəsinə yönəlmiş sistemli siyasətinə dözməməyə və beynəlxalq hüquqi normaları, prinsipləri və dəyərləri qorumaq üçün prinsipial və ardıcıl yanaşma göstərməyə səsləyib.

Həmçinin daimi nümayəndəlik qurumu Ermənistanın bu qanunsuz fəaliyyətlərini pisləməyə və onu beynəlxalq cinayət əməllərinə görə məsuliyyətə cəlb etmək üçün lazımi tədbirlər görməyə çağırıb.

 

DİGƏR Xəbərlər Arxiv