Xəbərlər
Səbinə Xasayeva: Türkiyə-Azərbaycan Biznes Forumunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir
“Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra baş tutan bu forum xüsusi əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Səbinə Xasayeva bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Şanlı qələbəmizin əldə edilməsi zamanı Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək də bu prinsipin həyata keçirilməsinin ən bariz nümunələrindən biri oldu. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun tarixi vətən müharibəsindəki zəfərindən sonra ölkəmiz üçün daha da parlaq gələcəyi şərtləndirən yeni dövr başlayıb. Cənab Prezidentimizin çıxışlarında qeyd etdiyi kimi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Bu yolda da ilkin tərəfdaşımız əlbəttə ki, türkiyəli qardaşlarımızdır. Təsadüfi deyil ki, bügun Azərbaycan və Türkiyə bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir.Bunun nəticəsində türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar.
Millət vəkilinin sözlərinə görə, Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər: “Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Heç şübhəsiz, ölkəmizin müdrik Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımız öz birliyi və zəhməti ilə qaniçən və mənfur ermənilər tərəfindən yerlə-yeksan edilmiş doğma torpaqlarımızı tez bir zamanda bərpa edəcək. Yurdsevər insanlarımız öz ata-baba yurdlarına sevinc və fərəh hissi ilə qayıdacaq, böyük coşğu ilə orada qurub yaradacaqlar”.