Xəbərlər
Rauf Əliyev: Ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biri əliliyin müəyyən edilməsi və əlillərin sosial müdafiəsinin gücləndirilməsidir
“Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əliliyin müəyyən edilməsi və əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, əliliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin tibbi-sosial ekpert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Xidmət elektron müraciət və nəticənin elektron təqdim edilməsi üsulu ilə göstərilir. Xidmətin elektronlaşdırılması bu sahədə bir sıra xoşagəlməz halların aradan qaldırılmasına, şəffaflığa nail olunmasına imkan yaradıb. Bu tədbirlərin nəticəsində son illərdə təyin olunan ilkin və təkrar əlillərin sayında azalma müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlara görə 2020-ci ildə cəmi 25383 nəfərə əlilik təyin edilib ki, bu da 2019-cu ilə nisbətən 43% az olub. Ümumi əlilik təyin olunanlardan 13204 nəfəri ilkin təyin olunanlardır. Bu rəqəm 2019-cu ilə nisbətən 53% az təşkil edib. Təkrar əlillik təyin olunanların sayı 12179 olmuşdur ki, bu da 2019-cu ilə nisbətən 27% az olub.
Millət vəkilinin sözlərinə görə, bütün bunlara baxmayaraq bu sahədə çatışmamazlıqlar hələ də qalmaqdadır: “Vətəndaşlar əllilyin təyin olunmasında bəzi hallarda düzgün qiymətləndirmə aparılmadığından şikayətlənirlər. Bu günlərdə isə bir sıra KİV-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin fəaliyyətində aşkar olunmuş cinayyət əməllər barədə məlumatlar yayılıb. Belə faktlar ancaq təəsüf hissləri doğurur. Baş verənlər onu deməyə əsas verir ki, əlilliyin təyin edilməsi sistemi elektronlaşsa da, təkmilləşdirilsə də insan amili yenə əsasdır. Ancaq işçilərin hər birinin öz işini sədaqətlə, vicdanla yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmasına nail olmaq mümkündür. Görünən odur ki, hələ cəmiyyətimizdə saxta yolla əlillik almaq istəyənlər də, onlara bu məqsədlərinə çatmaq üçün köməklik gəstərənlər də var. Ona görə də bu istiqamətdə lazimi addımlar atılmalı, həm də maarifləndirmə tədbirləri genişləndirilməli və gücləndirilməlidir”.