YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizi regionun inkişafına mühüm töhfə verəcək

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi qələbə  Azərbaycan cəmiyyəti ilə yanaşı beynəlxalq aləmin də müzakirə predmeti oldu. Əslində bu qələbənin beynalxalq aləmdə diqqət cəlb edən ən başlıca səbəbi Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin vaxtında və düzgün icra olunmamasıdır. 1992 –ci ildən bəri BMT –nin 4 qətnaməsinin icra olunmaması regionda sülhün bərqərar edilməsinə mane olmaqla yanaşı, ədalətin bərpasını da əngəlləyirdi. 30 ilə yaxın bir dövr ərzində beynəlxalq təşkilatların həll edə bilmədiyi “qordi düyünü”nə çevrilmiş Qarabağ münaqişəsi rəşadətli Azərbaycan ordusunun möhtəşəm zəfər yürüşü hesabına öz həllini tapdı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışmaq daha düzgün olar. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır və regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Təbii ki, Azərbaycan bundan sonra regionda həyata keçirilən bütün layihələrdə qalib ölkə kimi hər bir məsələni diktə edir və edəcək.

Hərbi əməliyyatlar bitdikdən qısa müddət sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Şuşa səfəri isə yaddaşlarda xüsusi iz buraxdı. Prezidentin Şuşa səfəri öz tarixi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilməsi ilə də əlamətdardır. Müasir standartlara cavab verəcək Füzuli-Şuşa avtomobil yolunun, eyni zamanda, Füzuli rayonu ərazisində Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa-quruculuq işlərinin necə geniş miqyaslı olacağından xəbər verir.

Dövlət başçısı öz çıxışlarında bəyan etdi ki, işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçiriləcək. Həmin torpaqlarda reallaşdırılmalı olan ilk iş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesidir. Bərpa işlərinə başlamazdan əvvəl görülməli olan çox vacib işlərdən biri də Ermənistanın işğal nəticəsində ölkəmizə vurduğu ziyanın qiymətləndirilməsidir. Qeyd olunan bütün bu proseslər yekunlaşdıqca bərpa işləri daha geniş vüsət alacaq.

Yaşayış üçün, ilk növbədə, infrastruktur layihələrinin icra edilməsi nəzərdə tutulur. Təhlükəsiz yerlərdə layihələrin icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı görülən işlər artıq ölkə ictimaiyyətinə məlumdur. Sonra isə sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri həyata keçiriləcək bütün bu mərhələlər ardıcıl olaraq həyata keçirildikcə bərpa və quruculuq işlərinin miqyası daha da genişlənəcək. Artıq Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə başlanılıb.

Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci ilin noyabr ayının 10-da imzaladıqları üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bütün tarixi dövrlərdə yollar xalqların iqtisadi, siyasi və mədəni əlaqələrində mühüm rol oynayıb. Dünyanın siyasi mənzərəsində əsaslı dəyişikliklərin baş verdiyi, birqütblü dünya sisteminin formalaşdığı, qloballaşma və inteqrasiya proseslərinin dərinləşdiyi müasir şəraitdə Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin regionda mühüm geostrateji zonaya çevrilməsi bu gün aktual məsələlərdən birini təşkil edir. Bu dəhliz ilk növbədə Şərqlə Qərbin qovşağında əlverişli coğrafi mövqedə yerləşən, türk-islam dünyasına bir qapı hesab edilən qədim Naxçıvan diyarının inkişafına birmənalı müsbət təsir göstərəcək.

Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının bütün regional və beynəlxalq səviyyəli tranzit layihələrində iştirakını təmin edəcək, Muxtar Respublikada istehsal olunan məhsulların istər ölkənin ayrı-ayrı bölgələrinə, istərsə də beynəlxalq səviyyəli satış bazarlarına rahat formada çıxışına əlverişli imkanlar formalaşdıracaq, habelə ixracyönümlü məhsul həcminin artmasına şərait yaradacaq, Muxtar Respublikanın xarici investorlar üçün cəlbediciliyini artıracaq. Yol infrastrukturunun inkişafı bölgəni bütün dünya üçün əlçatan edəcək. İşğaldan azad edilmiş ərazilərimizə investisiya axını baş verəcək. Bunun üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirməyə borcludur.