Xəbərlər
“YAŞAT” Fondu qazilərimizi Türkiyəyə müalicəyə göndərib
Vətən müharibəsində ağır yaralanan qazilərimiz İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu “YAŞAT” Fondu tərəfindən bu gün səhər saatlarında Türkiyəyə yola salınıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin ediləcək.
Eyni zamanda, Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.
“YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.