Xəbərlər
İlham Məmmədov: Dövlətimiz vətəndaşların sağlamlığının qorunmasını ən vacib məsələ hesab edir
“Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 infeksiyasını pandemiya elan etdiyi gündən artıq bir ilə yaxın zaman keçir. Dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İlham Məmmədov bildirib ki, Azərbaycanda da ötən aydan COVID-19 infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb. COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı tədbirlər diqqət mərkəzində olub. Azərbaycan dövləti ötən müddət ərzində vəziyyəti tam nəzarətə götürdü, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi.
Millət vəkilinin sözlərinə görə, koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanıldı. Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bu fikri təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.
“Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Müqayisə üçün deyə bilərik ki, bu gün dünyada elə dövlətlər var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nisbətən stabildir və müəyyən yumşalmalara gedilib. COVID-19 infeksiyasına gündəlik yoluxma sayının xeyli aşağı düşməsi tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. İnfeksiyaya yoluxanların statistikasında yaranan sabitlik hələ virusun aradan qalxması demək deyil. Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib”,-deyə İ.Məmmədov qeyd edib.