YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi “Gəncliyimiz gələcəyimizdir” mövzusunda videokonfrans keçirib

Fevralın 4-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Gəncliyimiz gələcəyimizdir” mövzusunda videokonfrans keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

R.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu məqsədlərin reallaşması üçün vacib sənədlərdir. Natiq diqqətə çatdırıb ki, ən mühüm hadisələrdən biri ötən il 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu müharibədə misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşdığını sübut ediblər.

Yeni Azərbaycan Partiyasının gənclərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirdiyini deyən R.Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə partiyamızın üzvü olan çoxsaylı gənclərin də iştirak etdiyini xüsusi vurğulayıb. O, bu müqəddəs mübarizədə canlarını qurban vermiş şəhidlər arasında partiyamızın üzvü olan gənclərin  olduğunu diqqətə çatdırıb. Azərbaycan xalqı bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur.

R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən il ərzində çoxsaylı tədbirlər keçirdiyini qeyd edib.

Sonra YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş video-çarxın təqdimatı olub.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, Azərbaycanda  gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, gənclər hər zaman dövlətin diqqətini, xüsusilə Prezident İlham Əliyevin dəstəyini hiss edirlər. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov da çıxışında gənclərin ölkəmizin inkişafındakı rolunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Onun sözlərinə görə, işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.

Tədbirdə həmçinin YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü, Zəngilan,Qubadlı və Cəbrayıl uğrunda  döyüşlərin iştirakçısı Tahir Umudov, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay Vəlizadə, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Aygün Kazımova və YAP Xızı rayon təşkilatı Gənclər Birliyin sədri İman Ağayev çıxış ediblər.

Sonda YAP Gənclər Birliyinin fəalı, muğam ifaçısı Yusif Cəfərbəylinin ifasında “Xudayar təsnifi” dinlənilib.

DİGƏR Xəbərlər Arxiv