YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir

Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

Çıxışında hava nəqliyyatına da toxunan dövlətimizin başçısı deyib: “Bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır. MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.

Prezident qeyd edib ki, bu reallıq nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasətin nəticəsidir. “Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur”, - deyə Prezident İlham Əliyev əlavə edib.