Xəbərlər
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar.
Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olmasının bizim imkanlarımızı böyük dərəcədə artırdığını qeyd edən dövlətimizin başçısı deyib: “Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır. Çünki bizim imkanlarımız genişlənib”.
Prezident diqqətə çatdırıb ki, bir neçə il bundan əvvəl istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal edir. “Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.