Xəbərlər
Türkmənistan Prezidenti: Qoşulmama Hərəkatında parlaq sədrlik Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunun təsdiqidir
Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər.
Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında keçirilən görüşdəki çıxışında bildirib.
İki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd edən Qurbanqulu Berdiməhəmmədov deyib: “Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi”.