Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistanın nəqliyyat-logistika sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatacaq
Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar.
Bu fikirləri Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında keçirilən görüşdəki çıxışında söyləyib.
“Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.
Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Prezident Qurbanqulu Berdiməhəmmədovun şəxsi xidmətlərini xüsusi qeyd edərək deyib: “Tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq”.