Xəbərlər
Elman Məmmədov: 20 Yanvar qətliamı Azərbaycan xalqının öz suverenliyi və azadlığı uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı
“20 Yanvar qətliamı Azərbaycan xalqının öz suverenliyi və azadlığı uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. Amma sovet imperiyası öz məqsədinə nail ola bilmədi”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Elman Məmmədov bildirib ki, Azərbaycan xalqının müasir qəhrəmanlıq tarixinə ən şərəfli, eyni zamanda hüznlü gün kimi daxil olmuş qanlı Yanvar hadisəsi zamanı müstəqilliyini yenidən bərpa etmək əzmi xalqımızı keçmiş sovet hərb maşınına qarşı ayağa qaldırdı və xalq həm öz qəhrəmanlarını, həm də keçmiş SSRİ-yə başçılıq edən cinayətkarları tanıdı. Millət vəkilinin sözlərinə görə, həmin gün bir daha sübut olundu ki, Azərbaycan xalqının övladları öz azadlığı, Vətənin ərazi bütövlüyü uğrunda həyatını qurban verməyə, şəhidlik zirvəsinə ucalmağa qadirdir və buna hazırdır.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsini, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını vurğulayan E.Məmmədov onu da söyləyib ki, Ulu Öndərin hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə bu cür cəsarətli bəyanatla çıxış etməsi siyasətdə böyük addımları yalnız dahi şəxsiyyətlərin atmasına ən bariz sübutdur.
“1993-cü ilin ikinci yarısında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Bütövlükdə, 20 Yanvar hadisəsi xalqımızın şərəf və ləyaqət tarixidir. Bu gün müstəqil Azərbaycan dövləti mövcuddur və azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatıb, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa edib və bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur”,-deyə E.Məmmədov vurğulayıb.