YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında 2021-ci il üçün iş planı təsdiqləndi

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Rayon Şurası və İdarə Heyətinin onlayn formatda geniş iclası keçirildi. İclasda rayon partiya təşkilatının 2021-ci il üçün İş Planı, eləcə də YAP Səbail rayon Qadınlar Şurası, Gənclər Təşkilatı və Nəzarət-Təftiş Komissiyasının illik fəaliyyət planları müzakirə edilərək qəbul olundu.

İclasın əlamətdar hadisə – ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə tarixi səfərinin baş verdiyi günə təsadüf etdiyini böyük fəxarət və qürur hissi ilə vurğulayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan Şuşa şəhərinə səfər edərək Azərbaycan xalqının və dövlətimizin gücünü, qələbə əzmini, siyasi iradəsini, Şanlı Qarabağ Zəfərimizi bir daha bütün dünyaya nümayiş etdirir. Qeyd olundu ki, 2020-ci il özünəməxsus tarixi əhəmiyyəti olan “Zəfər ili” kimi Azərbaycanın müstəqillik tarixinə, ictimai-siyasi həyatına qızıl hərflərlə əbədi həkk olundu, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu döyüş meydanında əzəli düşmənimizin sözün əsl mənasında belini qırdı, işğalçı Ermənistanın ordusunu məhv etdi və hərbi qələbələr nəticəsində siyasi arenada da düşməni təslim olmağa vadar etdi. Beləliklə, Azərbaycan xalqının 28 illik həsrətinə son qoyuldu, Azərbaycan torpaqları mənfur düşmən işğalından azad olundu, ərazi bütövlüyümüz və dövlət sərhədlərimiz bərpa olundu. Ş.Hacıyev bildirdi ki, “Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Ordumuzla birlikdə misilsiz milli həmrəylik, birlik nümayiş etdirərək Prezidentimiz, Ali Baş Komandanımızın ətrafında dəmir yumruq formalaşdırdı və dünya erməniçiliyinin başını əzdi. Ölkə başçısı İlham Əliyev informasiya mübarizəsi məkanında Azərbaycan həqiqətlərini cəsarətlə bəyan etdi və Azərbaycanı, Azərbaycan xalqını bütün dünyaya yenidən tanıtdı. Hər bir azərbaycanlı Prezidentimizlə, Ordumuzla qürur duyur və Şanlı, möhtəşəm Qarabağ Zəfərimiz ilə fərəhlənir.”

Dünyanı bürüyən koronavirus COVID-19 pandemiyasının mənfi nəticələri istisna olmaqla 2020-ci ilin ümumilikdə Azərbaycan üçün uğurlu il olduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, YAP Səbail rayon təşkilatı hər il olduğu kimi ötən ildə də öz fəaliyyətini ölkəmizdə və dünyada baş verən ictimai-siyasi proseslərə, aktual çağırışlara uyğun qurmuş və həm Vətən müharibəsi və sonraki günlərdə, həm pandemiya ilə mübarizədə, həm də 2020-ci il Parlament seçkiləri ilə bağlı çoxşaxəli işlər görmüşdür. Səbail rayonundan olan Şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılmış və bundan sonra da bu diqqət eyni həssaslıqla davam etdiriləcəkdir.

Daha sonra sədr rayon partiya təşkilatının 2021-ci il üçün İş Planını müzakirəyə təqdim etdi. İş Planı öncədən Rayon Şurası və İdarə Heyətinin üzvlərinə təqdim olunmuşdu. İclas İş planının müzakirəsi və təkliflərin səsləndirilməsi ilə davam etdi.

YAP Səbail Rayon Şurasının üzvü, 189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva Azərbaycanın möhtəşəm tarixi Zəfər qazandığı 44 günlük Vətən müharibəsində məktəbin müəllim-şagird kollektivinin fəaliyyəti haqqında bəhs etdi və məktəblilərin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi və bu istiqamətdəki təlim-tərbiyə işlərinin səmərəliyinin daha da yüksəldilməsi üçün təkliflərlə çıxış etdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini, YAP Səbail rayon “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri Elmir Vəlizadə hazırlanmış İş planını qənaətbəxş qiymətləndirdi. 2021-ci ilin Azərbaycan üçün Qarabağa Böyük Qayıdış və möhtəşəm yenidən qurma, bərpa ili olacağına diqqət çəkən E.Vəlizadə YAP üzvlərinin bu işlərdə yaxından iştirak edəcəyinə dair əminliyini ifadə etdi.

YAP Səbail rayon İdarə heyətinin üzvü Adilə Abasova Azərbaycan Ordusunun, igid döyüşçülərimizin, Şəhid və qazilərimizin həyat və qəhrəmanlıq yolunun işıqlandırılması və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə təkliflərini bildirdi.

YAP Səbail rayon Nəzarət-təftiş Komissiyasının sədri Səbuhi Gülməmmədov müzakirəyə təqdim olunan İş planın kifayət qədər əhatəli və məzmunlu hazırlandığını bildirərək Səbail rayonunda “8 Noyabr - Zəfər Günü”nə həsr olunan elmi-praktiki komfransın təşkil olunmasına dair təkliflərini səsləndirdi.

Qeyd olunan təkliflərin nəzərə alınması və İş Planına əlavə olunması qərara alındı. YAP Səbail rayon təşkilatının 2021-ci il üçün İş Planı yekdilliklə qəbul olundu.

Daha sonra YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova, rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli və rayon Nəzarət-təftiş Komissiyasının sədri Səbuhi Gülməmmədov 2021-ci il üçün təklif olunan fəaliyyət planları haqqında məlumat verdilər. Müzakirələrdən sonra YAP Səbail rayon Qadınlar Şurası, Gənclər Təşkilatı və Nəzarət-Təftiş Komissiyasının 2021-ci il üçün illik fəaliyyət planları qəbul olundu.